İki qardaşın mülk davası - MƏHKƏMƏDƏ


20:40     12 Oktyabr 2015 mehkeme_2586865776.jpg


9 oktyabr 2015- ci tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə iddiaçı Əhmədov Cavanşir Kazım oğlu və cavabdeh Əhmədov Yusif Kazım oğlunun işi üzrə məhkəmə prosesi keçirilib. Xatırladaq ki, şəxslər qardaşdır və məhkəməyə müraciət səbəbi də, aralarında yaranan mülk məsələsidir.

Femida.az xəbər verir ki, cavabdeh Əhmədov Yusif Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin Hakimi Elmar Rəhimovun verdiyi , 11 iyun 2015-ci il tarixli 2(011)-786/15 saylı qətnaməsi ilə razı olmadığı bildirdi. Onun sözlərinə görə, məhkəmə qərarı əsassız və qərəzlidir.

O, qanundan çıxarış gətirməklə öz fikrini əsaslandırmağa çalışıb.

“ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-217.4 maddələrinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı və qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, qardaşım iddiaçı Əhmədov Cavanşir Kazım oğlu atamız 19 dekabr 2012-ci tarixində vəfat edənə qədər Bakı ş., Binəqədi r., M.Ə.Rəsulzadə qəs., İ.Hacıyev küç., ev 9-da bizimlə birgə yaşamış və bu evdə 1991-ci il tarixindən 2013-cü ilin may aylna qədər emalatxana işlətmişdir. Atamız həyatda olduğu zaman iddiaçı ilə razılaşmışdıq ki, ona Qobu qəsəbəsində torpaq sahəsi alıb ev tikək və o ev hazır olduqda, bu ev tam olaraq mənim mülkiyyətimə verilsin.

İddiaçı bu şərtlə razılaşsa da, atamız vəfat etdikdən sonra Qobu qəsəbəsindəki evi hazır olana yaxın mənimlə birgə yaşadığı evdən köçmüş və guya ki, mən onun bu evdə yaşamağa qoymur kimi vəziyyət yaradaraq evin hərracda satılaraq payının götürməsi tələbini irəli sürüb.

İddiaçının bu qərəzli hərəkəti iddia ərizəsində də açıq şəkildə öz əksini tapıb.

Belə ki, qeydiyyatı 09.12.2014-cü il tarixli, 13450 saylı iddia ərizəsindən aydın olur ki, iddiaçı iddia ərizəsini ilkin olaraq «əmlakın hərrac yolu ilə satılması və pulun bərabər paylara bölünməsi» tələbi qoymuş, daha sonra isə tarixi məlum olmayan vaxta həmin iddia ərizəinə onun nümayəndəsinin imzası ilə düzəliş edilərək «payın dəyərinin ödənilməsi, mümkün olmadıqda» cümləsi əlavə edilib.

Bakı şəhər Binəqədi Rayon Məhkəməsi isə iddiaçının və nümayəndəsinin bu qanunsuz hərəkətini 11 iyun 2015-ci il tarixli 2(011)-786/15 saylı qətnaməsi ilə təsdiqləyərək iddia tələbini dəqiqləşdirərək «payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisindən alınıb ona verilməsi, bu mümkün olmadıqda əmlakın hərrac yolu ilə satılması və pulun bərabər paylara bölünməsi» edib.”

Cavabdeh tərəf həmçinin Binəqədi Rayon Məhkəməsində ciddi qanun pozuntularının da baş verdiyini söyləyib. O, məhkəmənin onların iştirakı və xəbəri olmadan keçirilməsindən narazı olduğunu deyib:

“ Mülki Prosesual Məcəllənin 185.1.-185.4-cü maddələrinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

İş materiallarından aydın olur ki, Binəqədi rayon Məhkəməsi mənə iddiaçının iddia tələbinə etiraz etmək üçün yetərli şərait yaratmamış və iddiaçının iddia tələbini təmin etmək üçün onun vəsatətlərini mənim münasibətim öyrənilmədən təmin edilərək ekspertizaların keçirilməsi barədə qərardad qəbul edib.
Lakin sadəcə bir iclasda iştirakıma şərait yaradılmış, Məhkəmədə nümayəndəmin Məhkəməyə təqdim etdiyi vəsatatət isə təmin etməyərək ədalət mühakiməsi və tərəflərin çəkişmə prinsipini pozub.”

Bundan sonra hakimin suallarını cavablandıran cavabdeh Yusif Əhmədov və hakim arasında kiçik mübahisə baş verdi. Buna səbəb isə, onların Məhkəmədən yuxarı orqanlara etdiyi şikayət ərizəsi oldu.
Proses qarşı tərəfin ifadə verməsi ilə davam etdi. İddiaçı Əhmədov Cavanşir ata mülkündə qardaşı ilə birgə yaşaya bilmədiyi əsas gətirərək evin hərraca qoyulmasını istəyib. O, bunu evin birgə yaşayış üçün mümkün olmaması ilə əlaqələndirib.

Onun bu çıxışı cavabdeh Əhmədov Yusifin narazılığına səbəb oldu. O, evin fotoşəkillərini sübut kimi məhkəməyə təqdim edərək, orada birgə yaşamağın mümkün olduğunu göstərdi. Fotoşəkillərdən də göründüyü kimi, evə 4 müxtəlif giriş var və orada yaşamaq həqiqətən də mümkündür.
Növbəti məhkəmə prosesi 23 oktyabr 2015- ci il tarixə təyin olunub.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2767