Türkiyədəki dəhşətli terror aktını kim törədib? – ANALİZ


16:47     12 Oktyabr 2015 terr2.jpg

“PKK-nın canlı bombadan istifadə etmək imkanı yoxdur”


İki gün bundan əvvəl qardaş Türkiyədə dəhşətli terror aktı törədildi və 100-ə yaxın insan həlak oldu. Belə dəhşətli terror aktının törədilməsi ilə bəzi suallar da yaranmaqdadır.

Görəsən bunu hansı terrorçu qruplaşma törədib?

Sualla bağlı Femida.az-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu daha çox İŞİD amilinin üzərində dayanıb:



“Terror aktı törədildiyi andan mən daha çox İŞİD-in bu terror aktını törədə biləcəyi ehtimalı üzərində dayandım. Çünki bir neçə ay bundan əvvəl də kürtlərin yaşadığı bir ərazidə buna oxşar bir terror aktı törədilmişdi. Həmin ərazidə də İŞİD-in canlı bombasının bu terror aktını törətməsi ehtimalları var idi. Bu mitinq kimi həmin mitinqdə də solçular və PKK-ya yaxın qüvvələr iştirak edirdi. Ankaradakı mitinqdə də daha çox PKK-ya simpatiyası olan qüvvələr iştirak edirdi. Məlumdur ki, hazırda Suriyada silahlı kürtlərlə İŞİD arasında silahlı mübarizə davam edir. Artıq bu qarşıdurma Türkiyə ərazisinə də keçib. Belə ki, artıq İŞİD və PYD Türkiyə ərazisində mübarizə aparır. Mənim ehtimallarım artıq özünü doğrultmaqdadır. Belə ki, Türkiyə mediasının yaydığı məlumatlara görə, İŞİD-in həmin terror aktını törətmə ehtimalları daha ağlabatan görünür. Bir məsələyə diqqət yetirək. PKK da terrorçu təşkilatdır. Lakin PKK-nın canlı bombadan istifadə etmək imkanı yoxdur. PKK adətən yollara mina döşəyir. Gecələr hansısa obyektə basqın edir. Yəni PKK canlı bombadan istifadə etmək iqtidarında deyil. Canlı bombadan istifadə isə İŞİD-in üsuludur.”

Azərbaycanın İstanbuldakı keçmiş konsulu İbrahim Nəbioğlu da İŞİD-in həmin terror aktını törədə biləcəyi ehtimalları üzərində dayandı:



“Ankaradakı həmin mitinqdə daha çox HDP - yə dəstək verən və həmin partiyaya simpatiyası olan qüvvələr iştirak edirdi.Bu isə terror aktının törədilməsi ehtimallarının İŞİD üzərində cəmləşməsinə səbəb olur. Digər tərəfdən onu da qeyd edək ki, İŞİD-in rəsmi yayım orqanları son vaxtlar “Türkiyəni qana boyayacağıq” deyə yazılar dərc edirdilər”.

Bəs Türkiyənin bundan sonrakı taleyi nə cür olacaq?

Elxan Şahinoğlu:

“Türkiyə ilə qonşu ölkələrdə şiddətli müharibələr gedir. Lakin Türkiyə özünü qorumaq iqtidarındadır. Türkiyə 30 ildən artıqdır ki, terrorla mübarizə aparır. Düşünürəm ki, bu terror aktı Türkiyəni zəiflədə bilməz. Türkiyə Suriya və İraqdan fərqli olaraq güclü orduya sahibdir və demokratik bir ölkədir. Türkiyə bu sınaqlardan da üzüağ çıxacaq. Türkiyədə millətlər arası qarşıdurmanı dəstəkləyən qüvvələr var. Türkiyəni zəiflətmək istəyən xarici qüvvələr bu qarşıdurmalara yaxından dəstək nümayiş etdirirlər. Lakin düşünürəm ki, Türkiyə Suriya və İraqın yolunu getməyəcək”.

Bu terror aktının törədilməsi 1 noyabr tarixində keçiriləcək seçkilərə nə dərəcədə təsir edəcək?

İbrahim Nəbioğlu:

“Dünənki hadisələrə qədər rəy sorğuları onu göstərirdi ki, seçkilərin nəticələrində elə də ciddi dəyişikliklər olmayacaq. Yəni AKP təkbaşına iqtidara gələ bilməyəcəkdi. Bu terror aktı isə onu göstərdi ki, nəinki AKP təkbaşına itidara gələ bilməyəcək, hətta HDP-nin daha çox səs faizi əldə edəcək. Bir sözlə seçkilərdən sonra ya AKP-MHP, ya da AKP-CHP koalisiyalı hökumətinin qurulacağı ehtimalları çox yüksəkdir."

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1591