Əhalinin sayı 2030-cu ildə 10 milyonu ötəcək


17:17     30 Oktyabr 2018 ehali.jpg

Azərbaycan Respublikası demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayılır. 2006–2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olmuşdur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir.


Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, Azərbaycanda əhalinin sayı 2018-ci ilin 1 yanvar tarixinə 9898,1 min nəfər olub. Ölkə əhalisinin 52,9 faizi şəhərlərdə, 47,1 faizi isə kəndlərdə yaşayır, əhalinin 50,1 faizini qadınlar təşkil edir. BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaqdır.

Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunmuşdur ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcəkdir. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.

2017-ci ildə 15–64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olmuşdur. Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir.

Əmək bazarına daxil olan 15–24 yaş arasında şəxslərin sayında azalma meyilinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15–24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olmuşdursa, 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 481