33 yaşında əsgərliyə gedən, bir qolu qısa olan prezident: TURQUT ÖZAL

33 yaşında əsgərliyə gedən, bir qolu qısa olan prezident: TURQUT ÖZAL


16:05     31 Oktyabr 2018 18_10_31_1540987565.jpg

Bu gün Türkiyə tarixinin ən önəmli şəxsiyyətlərindən sayılan Turqut Özalın prezident seçilməsindən 29 il ötür. Femida.az Özal və onun Azərbaycanla əlaqələri ilə bağlı yazını təqdim edir.

1950-ci ildə İstanbul Texniki Universitetindən məzun olan Ozal bir müddət mühəndisliklə məşğul olub. Daha sonra siyasi fəaliyyətə başlayıb. Amerikanın Texas Universitetində İqtisadiyyat təhsili alıb. 1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində baş nazir olub. Özal 1989-cu ildə prezidentliyə namizəd olub və Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti seçilib. İqtidarda olduğu 1983-1993-cü illər ərzində Türkiyə iqtisadiyyatını ildə 5,2 dəfə böyüdüb.



Sui-qəsd cəhdi





Özala qarşı 18 iyun 1988-ci ildə Ankarada Qartal Dəmirdağ adlı şəxs tərəfindən sui-qəsd cəhdi edilib. Tribunada olan zaman 12 metr aralıdan 2 dəfə atəş açan Dəmirdağ Özalı sağ əlindən yaralayıb. Əvvəlcə ölüm cəzasına məhkum edilən cinayətkar daha sonra Özal tərəfindən bağışlanıb və cəzası iyirmi ilə endirilib.



Körfəz müharibəsi və Özal
Turqut Özalın baş nazirliyi müddətində baş vermiş ən vacib hadisə Birinci Körfəz Müharibəsidir. Bu hadisədə o, çox vacib rol oynayıb. Səddam Hüseynin Türkiyə üçün böyük təhlükə olduğunu düşünərək ABŞ-a Səddamla mübarizədə açıq dəstək verib. O, türk ordusunun Mosul və Kərkükə girməsini əmr edib.

Özal və Azərbaycan
Turqut Özal dövründə Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə mövqe qazanması üçün hər cür dəstəyi göstərmiş, ölkələr arasında siyasi, hərbi, iqtisadi və mədəni əlaqələr başda olmaqla bütün sahələrdə ortaq addımlar atılmışdı.



Özal, dili, dini və mədəni olaraq Türkiyəyə ən yaxın mövqedə olan Azərbaycanla əlaqələrə həssas yanaşırdı. Necə ki, Türkiyə Azərbaycanın müstəqilliyi tanıyan ilk ölkədir. Turqut Özal 1991-ci ilin martında Azərbaycana səfər etmişdi. 1992-ci il yanvarın 14-də Azərbaycanla imzalanan protokolla diplomatik əlaqələr qurulmuş və Bakıda Türkiyə Səfirliyi açılmışdı. 1993-cü ildən Türkiyə Azərbaycana qarşı təcavüzkar siyasətinə görə, Ermənistanla sərhədləri bağlamışdı.
Əbülfəz Elçibəyin prezident seçilməsindən (1992, 7 iyun) sonra əlaqələr bir qədər də güclənmişdi. Türkçü və Atatürk heyranı olduğunu tez-tez dilə gətirən Elçibəy "Türkiyə Azərbaycanın xarici siyasətinin baş tərəfində yer tutacaq" deyərək Türkiyəyə olan inamını ifadə etmişdi.



1992-ci il noyabrın 2-də Ankarada Azərbaycan səfirliyi açılmış və iki ölkə arasında ticarət, nəqliyyat və cinayətkarların ekstradisiyası ilə bağlı sazişlər imzalanmışdı. Bakıdan İstanbul və Ankaraya birbaşa uçuşlar başladı. Azərbaycanlı tələbələr üçün təqaüd proqramları tətbiq edildi.

Ölümü
T. Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra vəfat edib. 65 yaşında ölən Özalın dəfn mərasiminə yüzminlərlə adam axın etmiş, ölkədə bayraqlar yarıya qədər endirilmişdi. Dövrün ABŞ Prezidenti, Turqut Özalın yaxın dostu olan Corc Buş gözlənilənin əksinə dəfn mərasimində iştirak etməmişdi. Özalın sui-qəsd qurbanı olması ehtimalı da illərdir müzakirə edilir. Onun içkisinə zəhər qatılaraq öldürüldüyünü iddia edən həyat yoldaşı Səmra Özal sübut olaraq saç nümunəsini ABŞ-da yoxlatdırdığını bildirir.
2 oktyabr 2012-ci il tarixində Türkiyənin mərhum prezidenti Turqut Özalın qəbri 19 ildən sonra açılmış və ölümünün sui-qəsd olub olmadığı araşdırılmışdı. Nəticədə onun bədənində zəhər tapıldığı, lakin Özalın zəhərdənmi, yoxsa başqa səbəbdənmi öldüyü müəyyən olmadığı bildirilmişdi.



Özal dövründə Azərbaycanla bağlanan müqavilələr:
• Türkiyə-Azərbaycan Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi, (2 noyabr 1992)
• Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluq Sazişi, (24 Yanvar 1992)
• Qara Dəniz İqtisadi Əməkdaşlıq Təhsil, Mədəniyyət və Əlaqələr Sazişi, (6 mart 1993-cü il)


Özal haqqında maraqlı faktlar:
- Turqut Özal qismən kürd mənşəlidir.
- qollarından biri digərinə görə daha qısa qalmışdır
- 2 dəfə evlilik yaşayıb
- 33 yaşında əsgərliyə gedib


Amin Nəzərli

Femida.az

Açar sözlər: #Türkiyə   #Azərbaycan   #Turqut_Özal   #siyasət   #femida  

Oxunub: 733