Vəkillə bankın məhkəməsi başladı


22:44     12 Oktyabr 2015 bank91.jpg


Bu gün Nikoyl Bankın vəkil Əkrəm Həsənova qarşı iddiası üzrə Yasamal rayon məhkəməsində hazırlıq iclası olub.

Femida.az hakim Zəfər Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesini təqdim edir:

Məhkəmə başlayan zaman hakim məhkəmənin tərkibinə etirazın olub-olmaması barədə tərəflərə sual verib. Vəkil Əkrəm Həsənov hakimin onun uzaq qohumu olduğunu dedi və qarşı tərəf də, buna etirazı olmadığını söylədi.
Nikoyl bank vəkillə bərabər həmin məlumatı dərc edən Aznews.az portalını da məhkəməyə verib.
Məhkəmə başlayan zaman vəkil Əkrəm Həsənov hakim Zəfər Quliyevin sədrliyi ilə məhkəmənin keçirilməsinə etiraz edib. O, fikrini bununla izah edib:
“ Məlum olduğu kimi, hələ avqust ayında Nikoyl mənə məktub yazaraq təkzib verməyimi xahiş etmişdi. Həmin məktubu bankın İdarə Heyəti sədrinin hüquqi məsələlər üzrə müşaviri Ayxan Rüstəmzadə imzalamışdı. Yəni məsələ ilə əlaqədar bankın məsul şəxsi məhz odur. Həmin Rüstəmzadə hakim Zəfər Quliyevin yaxın dostudur. 2012-ci ilədək Rüstəmzadə məhkəmə sistemində çalışıb. 2012-ci ildən isə Nikoyla keçib.

Məhz 2012-ci ildə də (Rüstəmzadənin köməyi ilə) hakim Zəfər Quliyev Nikoyldan 25 il müddətinə 50000 manat məbləğində ipoteka krediti götürərək Bakı şəhəri, Gəncə prospekti, ev 73-də 47 nömrəli mənzili alıb.
Başqa sözlə, hakim borclu olduğu Nikoyldan asılı vəziyyətdədir. Ən azı ona görə ki, Nikoylun kredit üzrə ona edilmiş və (və ya) ediləcək güzəştlərində (məsələn, faiz dərəcəsi və s.) maraqlıdır. Hakimin maaşı yüksək deyil, himayəsində isə həyat yoldaşı və iki uşağı var, üstəgəl valideynlərinə də kömək edir. Beləliklə, hakimi Nikoylla şəxsi dostluq və kredit öhdəliyi bağlayır. Məhz buna görə də iş ona gəlib düşüb və Nikoylu heç mənim hakimlə qohumluq əlaqəm də narahat etmir.

Mülki Prosessual Məcəllənin 19-cü maddəsinə görə hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər. Bu halda hakim ümumiyyətlə özü-özünə etiraz etməyə borcludur. Lakin hakim bunu etməyib. Buna görə də mən hakimə etiraz edirəm!”

Bundan sonra Nikoyl bankın nümayəndəsi bildirdi ki, “bankdan kredit almaq istənilən şəxsin hüququdur və bu o demək deyil ki, kredit alan hakim işə baxa bilməz.”

Vəkil Əkrəm Həsənov qarşı tərəfin fikriniə münasibət bildirib:
“ Birinin digərinə borcu varsa, ondan necə obyektivlik gözləmək olar?! Bu faktın özü qanunla nəzərdə tutulan hala aid deyilsə, onda daha nə aiddir?! 40-dan çox bank var. Hakim hamısından kredit almır ki. Kredit aldığı bankların işinə baxmasın. Həm də ki ipoteka krediti almaq elə də asan iş deyil, amma bu hakim ala bilib. Baxılan işə gəldikdə isə burada faktlar kompleksidir ümumiyyətlə. Nikoylun iş üzrə məsul şəxsi hakimin yaxın dostudur, banka krediti var, üstəlik Xətai məhkəməsinin baxmalı olduğu iş məqsədli şəkildə Yasamala və məhz bu hakimə düşüb. Bundan da ciddi əsas nə ola bilər?! Xətai məhkəməsi evimin yanında ola-ola məni Əhmədlidən Badamdara gətizdiriblər. Yaxşı ki, Facebooku məhkəməyə verməyiblər – xaricə getməli olardım onda.”

Hakim bildirdi ki, iclas etiraza baxılması üçün təxirə salınır. Etiraza Yasamal məhkəməsinin sədri baxacaq.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2194