Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilir


19:49     12 Oktyabr 2015 4763fec34ebd4f5e4314732da56dc2b4.jpg

Azərbaycanda Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilir.


Milli Məclisdən Femida.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən təqdim olunan qanun layihəsində “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə dəyişikliklər təklif edilir.

Dəyişikliyə əsasən, maddənin beşinci hissəsinin ikinci və üçüncü cümlələri dəyişdirilərək yeni formada təqdim olunur: “Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin vəzifəyə təyin edilməsi Konstitusiyanın 109-cu maddəsinin (Prezidentin səlahiyyətləri) 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla, Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Konstitusiyanın 109-cu maddəsinin (Prezidentin səlahiyyətləri) 32-ci bəndinə uyğun olaraq aparılır”.

Maddənin qeyd olunan cümlələrinin hazırda qüvvədə olan variantı isə belədir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin sədrlərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikasının digər məhkəmə sədrlərinin, habelə Azərbaycan Respublikası məhkəmələrinin sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin (Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini və məhkəmə kollegiyalarının sədrləri istisna olmaqla) təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır”.

Bununla da Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin təyinatı istisna olmaqla, digər məhkəmə sədrlərinin təyinatı Şuranın təqdimatı əsasında olacaq.

Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub və IV çağırışın son iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırışda seçkilər keçiriləcək.

Açar sözlər:

Oxunub: 889