Avropada hər gün 13 uşaq vərəmdən ölür


10:34     06 Noyabr 2018 18_11_06_1541486103.jpg

"Hər il dünyada vərəm və QİÇS-lə xəstələnmə, buna müvafiq olaraq da ölüm halları 12-13 faiz artır".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə nümayəndəsi Sayohat Həsənova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

O bildirib ki, 2016-ci ilin rəqəmlərinə əsasən Avropa regionunda 290 min insan vərəmə yoluxub: "Onlardan 32 mini uşaq, 87 mini isə qadındır. Hər 20 dəqiqədən bir regionda vərəmdən 1 nəfər, hər gün isə 13 uşaq vərəmdən vəfat edir".

ÜST rəsmisi deyib ki, Avropa regionunda vərəmlə xəstələnmə göstəriciləri 100 min əhaliyə 32 nəfər təşkil edir: "Dünya üzrə ötən illərin müqayisəsi onu göstərir ki, Avropda İİV infeksiyasının yayılması artır. ÜST-nin məqsədi 2020-ci ilə qədər dərmana davamlı vərəmin müalicəsini 75 faizədək artırmaqdır. Çünki 100 faiz vərəmli xəstənin 80 faizi İİV müayinəsindən keçir və onlardan 70 faizində ikili virus (həm İİV, həm də vərəm) aşkarlanır. Onlardan 65 faizi antiretravirus terapiyası alır. Bu da uğurlu nəticəyə səbəb olur".

S.Həsənova vurğulayıb ki, vərəmin müalicəsi zamanı xəstənin stasionarda olmaması effektiv nəticə verə bilər: "Stasionarla müalicədənsə ambulator müalicə xəstə üçün daha effektli olur. Bu eyni zamanda xəstəyə maddi baxımından da kömək edir. Stasionar günlərinin azalması digər infeksiyaların yoluxması ehtimalını azaldır". (Report)

Femida.az

Açar sözlər: #uşaq   #xəstə   #vərəm  

Oxunub: 481