Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək


14:54     06 Noyabr 2018 2018/11/6-3_1541501949.jpg

14-17 noyabr tarixlərində Bakıda Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.



Festivalın Təşkilat Komitəsindən Femida.az-a verilən məlumata görə, bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilati dəstək qismində iştirak edir.

Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) 490 film göndərilib.

Təqdim olunan filmlər Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib. Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film beynəlxalq, 28 film isə yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur.

Təşkilat Komitəsi beynəlxalq müsabiqədə yarışacaq filmlərin keyfiyyət səviyyəsini nəzərə alaraq nominasiyaların sayını artırıb. Belə ki, qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.

Müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı rejissor”, “Ən yaxşı prodüser”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları üzrə müəyyənləşəcək qalibləri üç yerli mütəxəssisdən ibarət münsiflər heyəti seçəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 449