MTK-nın sakinlər qarşısında hansı öhdəlikləri var? - Hüquqi maarifləndirmə


16:30     06 Noyabr 2018 18_11_06_1541507392.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz əmlak hüququ ilə bağlı olacaq.

Ümumiyyətlə, Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Yaşayış sahəsinin mülkiyyətçisi Mülki Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Mülki Məcəllənin 35-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

Vəkil Tural Süleymanlı Femida.az-a açıqlamasında bildirib ki, vətəndaş MTK-dan mənzil alanda bu mənzil alqı-satqısı yox, MTK-dakı payların alqı-satqısı hesab olunur:

“Vətəndaş Mənzil Tikinti Kooperativində pay sahibi olur. Həmin mənzilin onun mülkiyyətinə keçməsi üçün gələcəkdə o müqavilə əsasında vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib Çıxarış almalıdır. Yalnız bundan sonra daşınmaz əmlak onun tamhüquqlu mülkiyyəti olur. Düzdür, bir çox hallarda kooperativlər bunu vətəndaşa alqı-satqı kimi təqdim edirlər. Amma əslində belə deyil.

MTK-nın vətəndaş qarşısında hansı hüquq və vəzifələri var? Bunlar adətən tərəflər arasında bağalanan müqavilədə şərtləşdirilir və əks olunur. Qarşılıqlı razılıqla həmin müqaviləyə imza atılır. Hər tərəfdə bir nüsxə qalır. Mütləq qeyd edim ki, belə müqavilələr heç bir halda qanunvericiliyin tələblərinə zidd olmamalıdır. Müqavilənin tənzimləmədiyi münasibəti qanunvericilik tənzimləyir.

Odur ki, yalnız müqaviləyə baxdıqdan sonra vətəndaşla kooperativ arasında cavabdehlik balansını söyləmək olsun. Orada kimin nələrdən cavabdeh olduğu aşkar şəkildə göstərilməlidir. Bütün bunlar Mülki Məcəllənin normaları ilə tənzimlənir”.

Mülki Məcəllənin 109.5-ci maddəsinə görə, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #MTK   #mənzil   #ev   #hüquq   #hüquqi_maarifləndirmə   #vəkil   #Tural_Süleymanlı   #femida  

Oxunub: 3018