Azərbaycanda işsiz vətəndaşlara mal-qara verildi


17:29     06 Noyabr 2018 2018/11/1541509182_1541511042.jpg

Özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa mal və materiallar verilib.



Femida.az xəbər verir ki, qısa müddət ərzində proqram iştirakçılarından 600-dən çoxu aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını yaradıb.


Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində bu gün Hacıqabul, Şamaxı, Ağsu, İmişli, Zərdab və digər bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim olunub.

Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin olunublar. Digər bir qisminə isə xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaq üçün zəruri materiallar verilib.

Ümumilikdə cari ilin ötən dövründə özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, şəhid ailələrinin üzvlərinə, məcburi köçkünlərə, sosial cəhətdən digər həssas qruplara üstünlük verilib. Təlim kursunu bitirərək qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin mal və materiallarla təmin olunması həyata keçirilir.

Cəbrayıl, Füzuli, Tərtər, Kürdəmir, Goranboy, Bərdə, Göygöl, Abşeron, Şəki, İmişli, Astara, Hacıqabul, Ağdam, Zaqatala, Balakən, Qax, Şəmkir, Qəbələ, Göyçay, Ucar, Yevlax və digər rayonlarda, habelə Bakı və Sumqayıt şəhərlərində proqram iştirakçılarından bir qisminə mal və materiallar verilməklə, onların kiçik ailə təsərrüfatlarını qurmaları təmin edilib. Ümumilikdə proqram iştirakçılarından bu il artıq 600-dən çoxu aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını yaradıb. Hazırda bu proses davam etdirilir.

Mal və materiallarla təmin olunan vətəndaşlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün aparılan ardıcıl işlərdən razılıqlarını bildirib, onların öz fərdi təsərrüfatlarını yaradaraq gəlir imkanlarını artırmaları, kiçik sahibkarlığa çıxış imkanı qazanmaları üçün özünüməşğulluq proqramının həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Yeni qurulan təsərrüfatların böyük əksəriyyətinin kənd təsərrüfatı sahələrini əhatə etməsi qeyri-neft sektorunun mühüm hissəsini təşkil edən aqrar sahənin inkişafına əlavə dəstək rolu oynayır.

Femida.az

Açar sözlər:

Oxunub: 555