Azərbaycan hərb tarixinin Mübariz və Fərid zirvəsi: Tarixə düşən dəfnin tarixi + VİDEO


09:52     07 Noyabr 2018 2018/11/mubariz-ferid_1541569888_1541570566.jpg

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və Şəhid Fərid Əhmədovun dəfn olunduğu gündür.



Femida.az -ın məlumatına görə, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.





Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Atası Ağakərim İbrahimovun dediklərindən:

“Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...”.

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Bir gün sonra, noyabrın 7-də şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və “İgidliyə görə” medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Mübarizin son məktubu:

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.





Fərid Əhmədov kimdir ?

Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-cı ildə N.Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 2003-cü ildə məktəbi bitirən Fərid Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub. 2007-ci ildə oranı əla qiymətlərlə bitirən müdavim Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur və fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra Gəncədəki «N» saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Gəncədəki xidmətini başa vuran Fərid öz ərizəsi ilə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində hərbi hissədə hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında erməni qəsbkarlarına qarşı vuruşan Fərid qəhrəmancasına şəhid olur.



Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyidi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.

Fərid Əhmədov Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi imzanı atmış oldu.





Anası Nərgiz xanımın Fərid haqqında "El" jurnalında dərc olunmuş məqalə dedikləri:

«Fərid uşaqlıqdan qeyrətli, namuslu idi. Çox istedadlı, qeyri-adi uşaq idi. Uşaq vaxtlarında gözəl şəkillər çəkərdi. Həmin şəkillərdə də vətənpərvərlik hissləri vardı. Hələ altıncı sinifdə oxuyanda mərhum prezident Heydər Əliyevin şəklini çəkmişdi. Rəsmlərində cəngavərlik səhnələrini təsvir etməyi xoşlayırdı. Bir dəfə də şirlə pələngin döyüş səhnəsini canlandırmışdı. Həmişə mənə deyərdi ki, bunları elə-belə çəkirəm. Bir dəfə oturarsan, sənin şəklini də çəkərəm. Yas məclisinə gələn kurs yoldaşı mənə danışdı ki, bir dəfə dərsdə müəllim danışdıqca Fərid də şəkil çəkirmiş. Birdən müəllim soruşur ki, sən orda neyləyirsən? Fərid şəkli müəllimə göstərir. Müəllim heyranlığını gizlədə bilməyib deyr: «Fərid, sənin ki belə istedadın vardı, hərbiyə niyə gəlirdin, gərək rəssam olaydın». Dediyim kimi, Fərid həm də gözəl şeirlər yazardı. Uşaqlıqdan mərd, sözübütöv idi. Məktəb illərində öz yoldaşlarını müdafiə edərdi. Hər işini özü həll edər, narahat olmayım deyə, çox şeyləri mənə deməzdi. Hərbi Akademiyada oxuduğu müddətdə iki dəfə əməliyyat keçirmişdi. Bir dəfə qrıcadan, bir dəfə də əlindən. Amma mənə 3-4 ay keçəndən sonra bildirməmişdi. Hərbi məktəbdə çavuş idi. İki kursant dalaşanda onları ayıran zaman əlindən zədələnmişdi. Ona görə də əməliyyat etmişdilər. İstəmirdi ki, mən narahat olum.

Yadımdadır, Fəridin 8 yaşı vardı, evimiz tikilən zaman idi, bir dəfə oynayanda dəmir qolunu kəsdi. Həkim tikiş qoymalı oldu. Həmin tikişin izləri qalmışdı. Həmişə zarafatla mənə deyərdi ki, itsəm məni bu çapıqla taparsınız. Elə bil hər şeyi bilirdi. Onun bu uşaq zarafatı kədərli gerçək oldu. Sonradan xəstəxanada biz Fəridi əlində və qolundakı həmin çapıqla tanıdıq. Fərid haqqında danışmaq mənə çox ağırdır.

Onu da deyim ki, Fərid Türkiyədən qayıdandan sonra özü ərizə yazıb döyüş bölgəsinə - Tərtər rayonuna xidmətə gedib. İstəmirdi ki, fikir çəkim, ona görə çox şeyi mənə bildirmirdi. Hər dəfə zəng edəndə deyirdi ki, Gəncədə işlərim yaxşı gedir, narahat olma. Sonradan bilmişəm ki, Fərid Gəncədə yox, düz bir il iki ay imiş Tərtərdə qulluq edirmiş. Dediyim kimi, könüllü getmişdi ora. Sonradan hərbi hissənin rəisi, zabitlər bildirdilər ki, Fərid necə işlər görüb, hərbi hissədə hamının hörmətini qazanıb, bir komandir kimi orda necə nizam-intizam yaradıb. Onun bacarıqlı olduğunu diqqətdən yayınmır. Fəridə leytenant rütbəsi verilir və qərargah rəisi onu rota komandiri təyin edir. O vaxt Fərid çox gənc idi, cəmi 23 yaşı vardı. General şəxsən özü Fəridə demişdi ki, sən yeganə zabitsən 23 yaşında bu rütbəni qazanmısan. Mənə deməmişdi, amma sonradan bildim ki, Fərid kəşfiyyat bölməsinin də rəisi olubmuş.

İyul ayında məzuniyyət götürüb Bakıya bacımgilə getmişdim. Fərid zəng etdi ki, ana, gəlmək istəyirəm, üçgünlük məzuniyyət götürəcəyəm. Mən də dedim onda Bakıya gəl. Cavabında Fərid bildirdi ki, ana, sən qal istirahət elə, mən gedim rayona, Cəlilabada getmək istəyirəm. Balam ildə iki-üç dəfə mənim əziz qonağım olurdu. Ürəyim necə dözərdi? Beləliklə, mən də getdim rayona. İyulun 14-15-i olardı. Əhvalı mənə xoş gəlmədi Fəridimin. Narahat oldum. «Oğul, sənə nə olub axı?» - deyə soruşanda: «Narahat olma, ana, havalar isti keçir, yemək olmur. Ona görə beləyəm».
Hələ də bilmirəm ki, o nə üçgünlük məzuniyyət idi? Elə bil vidalaşmağa gəlmişdi. Gələn kimi bacısını görməyə getdi. Çox fikirli, qəmli görünürdü. Sanki məndən qaçmağa çalışırdı. Gedəndə də mənimlə pilləkəndə görüşdü, onu darvazaya qədər ötürməyə qoymadı. Mən evdə olmayanda mobil telefonunda Mübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur? Vaxt gələcək, mən də şəhid olacağam.

Mübarizin nəşinin düşmən tərəfdə qalması onu çox üzürdü, buna görə çox narahat idi. Mənə deyilənlərə görə, Fərid Mübarizin meyiti ilə dəyişdirilməsi üçün erməni zabiti ələ keçirmək istəyirmiş. Ona görə də tez-tez kəşfiyyata gedirmiş. Həmişə əsgər və zabitlərə deyirmiş ki, görərsiniz, bu oğul (özünü göstərib) gedib Mübarizi gətirəcək! Mübarizlə fəxr edirdi. Həmişə də deyirmiş ki, biz necə hərbçiyik ki, onun cəsədini qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündən yazıbmış ki, biz səninlə fəxr edirik. Bunu yoldaşları da görübmüş.



Birinci kursda oxuyanda Ramil Səfərov Fəridə dərs demişdi. Sonradan Ramil Macarıstanda həbs olunanda Fərid özünə yer tapa bilmirdi. Fərid mənim ona ehtiyacım olan vaxtda, vətənə lazım olan zamanda getdi. Amma bir şeylə təsəlli tapıram ki, Vətən üçün, torpaq uğrunda canını qurban verdi. Sentyabrın 3-də kapitan Əhməd Abdullayevlə birlikdə (o da bizim rayondan idi) kəşfiyyata gediblər. Əhməd yaralananda Fərid rabitəçi və əsgərlərə əmr edib ki, Əhmədi götürüb geri çəkilsinlər. Özünü ermənilərin səngərinə ataraq Əhmədə deyib ki, «Sən ailəlisən, balaların var, mən isə subayam, səni qoruyacağam!».

Fəridin kəşfiyyatdan qayıtmadığını eşidəndə yoldaşları da sərhədi keçmək istəyiblər… İndi də yuxularımda məndən halallıq istəyir… Onun telefonunu özümdə yadigar saxlayıram».


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Şəhid   #Mübariz_İbrahimov   #FəridƏhmədov   #Qarabağ  

Oxunub: 4650