İrəvan İran-Azərbaycan dostluğundan qorxur


02:23     13 Oktyabr 2015 azvision%20irevan.jpg


İran-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafı Ermənistanın narahatlığına səbəb olub. İranın Rəşt-Qəzvin-Astara (İran)-Astara (Azərbaycan) dəmir yol xəttinin Azərbaycandan keçirərək Rusiyaya, oradan isə Avropaya çatdırması planı rəsmi Yerevanı məyus edib.

Ermənistan iqtisadiyyat nazirinin keçmiş müavini Qohar İsgəndəryan tert.am saytına verdiyi müsahibədə bildirib ki, Yerevanın tamamilə Gömrük İttifaqına satılmaması üçün İran təcili hərəkətə keçməli və iki mühüm iqtisadi layihənin maliyyələşməsini öz üzərinə götürməlidir. Birincisi, rəsmi Tehran Ermənistan-İran dəmir yolu xəttinin çəkilməsini, ikincisi isə, Mehri Su Elektrik Stansiyasının yenidən qurulmasını maliyyələşdirməlidir.

Oktyabrın 9-10-da Astarada Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev iranlı həmkarı Mahmud Vaezi ilə görüşündə Rəşt-Qəzvin-Astara (İran)-Astara (Azərbaycan) dəmir yol xəttinin tikintisinin sürətləndirilməsi məsələsini müzakirə etdikdən sonra Ermənistandan bu cür açıqlamanın gəlməsi təsadüfi xarakter daşımır. Ermənistan öz əhəmiyyətini şişirtməyə və diqqəti özünə cəlb edərək İranı yuxarıda qeyd olunan layihələrə sərmayə qoymağa vadar etməyə çalışır.

Əslində Ermənistanın bu istəklərinə komissiyanın həmsədri Mahmud Vaezi oktyabrın 10-da İran Astarasında Şahin Mustafayevlə keçirdiyi geniş tərkibli görüşdən sonra mətbuata açıqlamasında cavab verib. O bildirib ki, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi digər alternativ beynəlxalq nəqliyyat dəhlizləri ilə müqayisədə çox sərfəlidir. İranlı nazir qeyd edib ki, bu beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi və iki ölkənin tranzit xətlərinin birləşdirilməsi ilə Hindistandan Avropayadək yük daşımalarını həm vaxt və həm də maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirilməsinə şərait yaradılacaq. Şimal-Cənub nəqliyyat dəhlizi hər iki ölkənin milli maraqlarına cavab verir. Bu dəhliz vasitəsi ilə İranın yükləri tranzit olaraq Azərbaycan üzərindən Rusiya və Avropaya daşınacaq.

M.Vaezinin bu fikirlərini Ermənistandan İrana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı Yerevanın istəyinə cavab hesab etmək olar.

İkinci layihəyə gəldikdə isə qeyd etmək lazımdır ki, elə həmin görüşdə İranın rabitə və yüksək texnologiyalar naziri M.Vaezi bildirib ki, Azərbaycan ilə İran arasında Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi haqqında imzalanmış müqavilə yaxın günlərdə parlament tərəfindən ratifikasiya olunacaq. Qız qalası-Xudafərin Su Elektrik Stansiyasının tikintisi haqqında əldə edilmiş razılaşmaya dair sənədlər isə imzalanmaya hazırlanır.

İran rəsmisinin bu cür açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanın istəkləri elə istək olaraq da qalacaq.

Məsələnin maraq doğuran cəhətlərindən biri də ondadır ki, digər erməni eksperti Aşot Lalayan da həmin sayta bildirib ki, Q.İsgəndəryanın dedikləri Ermənistan hakimiyyətinin çoxdankı arzusudur.

Göründüyü kimi, rəsmi Yerevan öz arzusunu keçmiş nazir müavini vasitəsi ilə diqqətə çatdırır ki, balansı qorusun və geosiyasi baxımdan özünə müttəfiq hesab etdiyi qüvvələrin “xətrinə” dəyməsin.

Açar sözlər:

Oxunub: 837