Nazir yeni məhkəmə binasının açılışını etdi - Zaqatalada


17:19     08 Noyabr 2018 2018/11/edliyye-melumat_zaqatala-acilis_1541683428.jpg


Dövlət büdcəsi hesabına Zaqatala rayonunda ədliyyə orqanları və məhkəmə üçün yeni inşa olunmuş müasir binanın açılışı olub.

Femida.az xəbər verir ki, açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, rayon rəsmiləri, hakimlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tanışlıq zamanı bildirilib ki, bina ümumi sahəsi 2.300 m2 olmaqla üç mərtəbədən və zirzəmi qatından ibarətdir. Digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, burada fəaliyyət göstərən rayon məhkəməsi də ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan sistem və digər avadanlıqlar quraşdırılıb. Həmçinin, konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur.

Eyni zamanda, müasir texnologiyalarla təchiz olunmuş binada yerləşən Zaqatala rayonu icra və probasiya, qeydiyyat şöbələrinin fəaliyyəti, o cümlədən təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.



Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanları təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib.

Nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərin bu sahədə fəaliyyətin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarını artırmaqla əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini qeyd edib.

Femida.az

Açar sözlər: #Zaqatala   #ədliyyə   #nazir   #bina   #məhkəmə   #Fikrət_Məmmədov  

Oxunub: 3756