Türkiyənin Azərbaycana qardaşlığını sübut etdiyi gün - 27 ilin TARİXÇƏSİ

Türkiyənin Azərbaycana qardaşlığını sübut etdiyi gün - 27 ilin TARİXÇƏSİ


12:20     09 Noyabr 2018 2018/11/azerbaycan-dan-hollanda-ya-sert-tepki-8723229_1541751628.jpeg

Azərbaycan və Türkiyə dövlətlərinin qardaşlıq münasibətlərinin formalaşmasında 1991-ci ilin məhz bu günü baş vermiş tarixi hadisənin də mühüm rolu var.


18 oktyabr Azərbaycan tarixinə Dövlət Müstəqilliyi Günü kimi daxil olub. 1991-ci ilin məhz bu günündə SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayır.

Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türliyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi.




Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin çox fərqli olduğunun göstəricisidir.



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər dövründə Türkiyə Prezidenti, Baş nazir və parlamentin rəhbəri ilə görüşən Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin düşüncələri haqqında məlumat verib. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.

5-8 may 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri zamanı həyata keçirilən görüşlər, danışıqlar nəticəsində imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olmasının təzahürü idi.

12-17 mart 2001-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə növbəti dəfə rəsmi səfər edib. Türkiyənin dövlət və hökumət rəhbərləri ilə görüşlərdə iki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə mövzusu olub. Səfər zamanı imzalanan vergilər, maliyyə, Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə şərait yaradılması baxımından əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət nişanı”, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir.





Dostluq və qardaşlıq münasibətləri bu gün də yüksək səviyyədə davam etdirilir. Təsadüfi deyil ki, 13-15 aprel 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olub. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə 2 rəsmi, 11 işgüzar səfər edib.

Hazırladı: Miri Məcidli
Femida.az



Açar sözlər: #Azərbaycan   #türkiyə   #ərdoğan   #ilham_Əliyev  

Oxunub: 673