Dostunun anasına sataşanı bıçaqladı - 4 il həbs cəzası aldı


20:33     10 Noyabr 2018 hebs5.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda ittiham olunan Siyəzən rayon sakini, 28 yaşlı Orxan Hasilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Femida.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, cinayət hadisəsi bu il may ayının 7-də Siyəzən rayonunun Gilgilçay qəsəbəsində baş verib. O.Hasilovun bıçağa əl atmasına səbəb həmkəndlisi İbadi Poladovun sinif yoldaşı Rüfətdən dostunun anasının telefon nömrəsini istəməsi, sonuncu imtina etdikdə isə onu döyməsi olub. İ.Poladovla məsələni aydınlaşdırmaq istəyən Orxan dostları ilə birgə onun yaşadığı evin qarşısına gəlib, zəng vurub İbadini çağırıblar. Orxan İbadiyə Rüfəti nahaq döydüyünü, dostunun anasına sataşmaq istəməsinin düzgün hərəkət olmadığını deyib. İbadinin “yaxşı edirəm” cavabı onun özünü xəstəxanalıq, Orxanı isə həbsxanalıq edib.

Törətdiyi cinayət əməlinə görə O.Hasilova qarşı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.



Təqsirləndirilən Orxan Hasilov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qohumunun toy mərasimindən çıxıb evə gedərkən maşında sinif yoldaşı Rüfət İbadinin onu döydüyünü deyib: “Bu hadisə mənə çox pis təsir elədi, qəzəbləndim. İbadi ilə oturub üzbəüz söhbət etmək istədim. Zəng edib görüşə çağırdıq, niyə belə hərəkət etdiyini soruşdum. Dedim, camaatın nömrəsini niyə istəyirsən, heç bir səbəb olmadan Rüfəti niyə döyürsən? Mənə “yaxşı eləyirəm” dedi, mübahisəmiz düşdü, söyüş söydü. İçkili idim, əsəbləşdim, bıçaqla ayağından vurdum. İbadi qışqırıb maşının qapısını açıb qaçıb getdi. Onu xəstəxanaya aparmaq üçün axtarsaq da, tapa bilmədik”.

O.Hasilov ifadəsində İbadini görüşə çağırarkən onu bıçaqla vurmaq niyyəti olmadığını, sadəcə məsələni aydınlaşdırmaq istədiyini göstərib: “Ayağındna vurdum ki, həm qorxsun, həm də səhvlərindən nəticə çıxartsın. Onu öldürmək niyyətim olmayıb”.



Zərərçəkmiş İbadi Poladov ifadəsində hadisədən bir gün əvvəl Rüfəti Narxanımın həyətində gördüyünü, orada nə gəzdiyini soruşduqda adıçəkilən qadınla görüşə gəldiyini, nömrəsini ona da verəcəyini dediyini bildirib: “Dedi ki, Narxanım sabah Bakıya gedəcək, səhər saat 9-da avtovağzala gəl, görüşü özüm təşkil edəcəyəm. Gəlib gözlədim, Rüfət zəng vurub xəstə olduğunu söylədi. Lakin on dəqiqədən sonra Rüfətin sükan arxasında, Narxanımın isə avtomobilin arxa oturacağında gördüm. Rüfətin aldatmağı mənə pis təsir etdi”.

Zərərçəkmişin ifadəsinə görə, həmin gün axşam Rüfətlə rastlaşıblar, aralarında mübahisə yaranıb və onu vurub: “Dedim ozün də görüşürsən, başqaları ilə də görüşməsini təşkil edirsən, amma mənə nömrəsini vermirsən, öz ananın qeyrətini çəkirsən elə bil. Dalaşdıq, məni vurdu, Elşad bizi ayırdı. Həmin axşam Rüfət zəng vurub harada olduğumu soruşdu. Elşadla və Orxanla gəldilər. Orxan Rüfətlə niyə yola getmədiyimi xəbər aldı. Dedim, söhbət sənlik deyil. Bıçaqla iki dəfə vurdu. Orxan məni vuranda Rüfətlə Elşad arxadan tutmuşdular”.



Şahid qismində dindirilən Rüfət Hüseynovun ifadəsinə görə, İbadi hadisədən əvvəl ondan Narxanımın nömrəsini istəyib. O, da cavabında dostu hazırda kənddə yaşamadığını, anasını onlara əmanət etdiyini bildirib: “Dedim ağıllı ol, düz hərəkət eləmirsən. Nömrə vermədiyimə görə məni vurdu. Məqsədimiz İbadi ilə söhbət edib məsələni aydınlaşdırmaq olub. Orxanın onu bıçaqla vuracağını heç birimiz düşünməmişdik. Hər şey qəflətən baş verdi”.

Şahid qismində dindirilən Narxanım Əmirova ifadəsində Orxanla Rüfətin oğlunun ən yaxın dostları olduğunu göstərib: “Dul qadın olduğumdan İbadi bir neçə dəfə yaxınlaşıb məndən xoşu gəldiyini demişdi. Dedim, bala, sən oğlum yerindəsən, mənə belə təklif etməkdə utanmırsanmı? Oğlum işi ilə bağlı tez-tez başqa rayonlara ezam olunur. Bu hadisədən bir müddət əvvəl qonşu rayona ezam olunmuşdu. Gedəndə məni də, ailəsini də Orxanla Rüfətə tapşırmışdı, ona əmanət etmişdi. Oğlum evdə olmadıqda hər ikisi bizə kömək göstərir, göz-qulaq olurdular. İbadi məni də, oğlumu da tanıdığı halda utanmadan telefon nömrəmi alıb məni narahat etmək istəyib. Orxan da oğlum burada olmadığı üçün özü onun cavabını verib”.

Məhkəmənin hökmü ilə Orxan Hasilov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 864