İmtahan Mərkəzi hazırlıq kursları açır - 100 manatlıq...


12:01     12 Noyabr 2018 dim%20tqdk7.jpg

2019-cu il yanvarın 10-dan Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulum) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq.



DİM-dən Femida.az-a verilən məlumata görə, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.

Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat 12 noyabr 2018-ci il tarixindən 7 yanvar 2019-cu il saat 23.59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

Qeyd edək ki, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir.

Femida.az

Açar sözlər:

Oxunub: 992