Bu sistemin tətbiqinə 2020-ci ildən başlanacaq - Samir Şərifov

Bu sistemin tətbiqinə 2020-ci ildən başlanacaq - Samir Şərifov


13:34     13 Noyabr 2018 samir%20serifov.jpg

Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri “Büdcə sistemi haqqında” Qanundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub.


Femida.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxış edən Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, büdcə sənədinin əsas xüsusiyyətləri yeni büdcə qaydasına uyğun hazırlanıb. Dövlət gəlirlərinin formalaşmasında neft gəlirlərindən diskal çərçivədə istifadəsini hazırlayır.

Nazir əlavə edib ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması, digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.

Samir Şərifov əlavə edib ki, yuxarıda sadalanan xarici mənşəli makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin qalxması və enməsi zamanı büdcənin daha dayanıqlı olmasını hədəfləyir:

“İcmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilir.

Gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir. 2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq. Aqrar sektorun dəstəklənməsi davam edəcək. 2019-ci ildə bu sahəyə 835 milyon manat ayrılır. Kənd təsərrüfatı sahəsində vergi güzəştləri daha 5 il qüvvədə saxlanılacaq. Dövlət tərəfindən kənd təsərrüfatına subsidiyalar 540 milyon manat olacaq. Kiçik və orta biznesə 30 milyon manat nəzərdə tutulub. Qeyri neft məhsullarının icraçının stimullaşdırılması üçün 27 milyon manat nəzərdə tutulur. Turizmin inkişafı məqsədinə 63 milyon manat nəzərdə tutulur. Bütün bunlar sahibkarlığın aktivləşməsinə xidmət edir”.

Nazir söyləyib ki, 2019-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə 262 milyon manat ayrılıb ki, bu ötən illə müqayisədə 7 faiz çoxdur: “Şəhid ailələrinə birdəfəlik yardım üçün nəzərdə tutulan vəsaitin təmin edilməsinə 50 milyon manat ayrılıb. Əhalinin siyahıya alınması üçün 23 milyon manat, bələdiyyə seçkiləri üçün 54 milyon manat nəzərdə tutulub”.

Femida.az

Açar sözlər:

Oxunub: 229