20 Yanvar qırğınına dözməyib vəfat edən aktyor -Sənətkarın sirli həyat yolu (VİDEO)

20 Yanvar qırğınına dözməyib vəfat edən aktyor -Sənətkarın sirli həyat yolu (VİDEO)


15:22     13 Noyabr 2018 2018/11/356200_03_1542108022.jpg

Azərbaycan mədəniyyət tarixinin görməkli simalarından olan Hamlet Xanızadənin həyatı, sənət yolu maraqlı faktlarla zəngindir.
O, 5 iyun 1941-ci ildə Bakının Şaqan kəndində doğulub. 1965-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.



Hamlet Xanızadə 1971-ci ildə Nailə xanımla ailə həyatı qurub. Aktyor Kamal Xudaverdiyevin qonşuluğunda yaşayan Nailə xanımla Hamlet Xanızadənin tanışlığı da aktyorun dostugilə gəlişi zamanı baş verib. Onların evliliyindən iki qızları - Aygün və Xumar Xanızadə dünyaya gəlib.
H. Xanızadənin üzünü görmədiyi iki nəvəsi İsmayil və Nəzrin, babalarını ancaq filmlərdən, tamaşalardan, bir də şəkillərdən tanıyırlar.






Onun yaratdığı obrazlar bu gün də hər kəsin dilindədir. Belə ki, "Dəli yığıncağı", "İblis", "Ölülər" və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə yaratdığı nə qədər qəhrəmanlar olub. Dostlarının sözlərinə görə, hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi.
Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağın"da Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında Doktoru böyük sənətkar məharəti ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynamışdı. Aktyorun eyniadlı televiziya tamaşasında yaratdığı Topal Teymur obrazı həm tamaşaçıların, həm də mütəxəssislərin yüksək sənət nümunəsi hesab etdiyi obraz kimi bu gün də sevilə-sevilə baxılır.

1970-ci illərdə kinoya gələn aktyor Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazı ilə hər kəsin sevgisini qazanır. Hamlet yüksək ifaçılığı sayəsində qəhrəmanının daxili xüsusiyyətlərini qabartmaqla, onu filmin yaddaqalan obrazlarından birinə çevirir.
Hamlet ömrünün son illərində kinoya daha çox meyllənmişdi.

Onun ən uğurlu ekran qəhrəmanlarından biri də "Arxadan vurulan zərbə" filmindəki İmaş obrazıdır. İmaş da baş qəhrəman deyil, ancaq aktyor öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırır. Hamletin “Babək” filmindəki Xəlifə Mötəsim obrazı isə tamaşaçıların xatirində xüsusi yer tutur. Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradaraq, tamaşaçılara sevdirməyi bacarıb. Və nəhayət, "Qətl günü" filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. O, digər obrazları kimi bu obrazının öhdəsindən məharətlə gəlib.

Ümumiyyətlə, Hamlet Xanızadə istər teatrda, istərsə də kinoda hansı rolda oynamasından asılı olmayaraq rolun məsuliyyətini dərindən dərk edirdi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.
Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyirdi. Özü də həvəslə, yorulmadan işləyirdi. 1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu... Həmin il.., fevralın 22-də...

Onu Şəhidlər Xiyabanında dəfn etmədilər, doğma kəndlərinin qəbiristanlığında torpağa tapşırdılar...

Açar sözlər: #Hamlet_Xanızadə   #ölüm  

Oxunub: 789