Klinik ölüm - İnsanlar "o dünyada" nələr görür? (VİDEO)


11:55     14 Noyabr 2018 2018/11/kliniki-[lwm_1542181960.jpg

Kliniki ölüm keçirənləri bilməyərəkdən dəfn edirlər. Belə hadisələrin Azərbaycanda da baş verdiyi istisna deyil. Hətta Azərbaycanda məşhur şəxslərin kliniki ölüm keçirdiyi barədə də mətbuatda məlumatlar yer alıb.



Femida.az xəbər verir ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyevanın bu ilin aprelində mətbuata verdiyi məlumata görə, keçən il Bakıda 32 nəfər kliniki ölümdən həyata qaytarılıb: "Ümumi ağır vəziyyətdən isə 2400 nəfər çıxarılıb".

Klinik ölüm keçirən insanlar adətən işıqlı bir tunelə düşdüklərini, ruhlarının bədəndən ayrıldığını və ya özlərini cənnət qapısında gördüklərini deyirlər. Alimlər isə bunu əslində klinik ölümlə üzləşən insanların beyinlərinin reaksiyası kimi qiymətləndirirlər.




Ölümə yaxın hisslər demək olar ki, hamıda eynidir. Mənsubiyyətindən asılı olmayaraq, dünyada klinik ölümlə üzləşəndən sonra ayılan 20 faiz insan eyni səhnəni təsvir edir. Belə bir fenomenin elmi baxımdan izahı olmadığı üçün bu ya dinlə əlaqələndirilir, ya da bunun halusinasiya olduğu deyilir.

Alimlərin çoxu klinik ölümün ürəyin müvəqqəti dayanması və beyinə oksigen çatmaması səbəbindən baş verdiyini deyir. Miçiqan Universitetindən Cimo Borjigin kliniki ölüm keçirən hər kəsin eyni səhnəni təsvir etdiyini deyir:

“Onların hamısının parlaq işıq gördüklərini deməsi, görmə hisslərinin hələ də aktiv olması deməkdir.”

Borjigin və onun həmkarları 9 siçovul üzərində təhqiqat aparmaq qərarına gəliblər. Onlar elektro-ensefaloqramın köməyi ilə siçovul beyninin altı müxtəlif nahiyəsində neyronların fəaliyyətini izləyiblər və aktivliyin əsasən beyinin emosional cavabı qavrama və yaddaşın yerləşdiyi hissəsində qeydə alıb. Beynin elektrik məlumat bazası heyvanların ayıq və narkoz verilmiş vəziyyətində toplanıb.

Alimlərin dediyinə görə, ölüm inyeksiyası və ya kalium xlorid vurulan heyvanların beyinlərində ölümdən sonrakı 30 saniyəlik fəaliyyət müşahidə edilib. Doktor Borjiqinin dediyinə görə, həmin 30 saniyəlik müddətdə beynin fəaliyyəti ayıq beyinlə müqayisədə olduqca yüksək olur. Alimlər bunu oksigen çatışmazlığı ilə izah edir ki, eyni proses insan beynində də müşahidə olunur.

Bununla bağlı tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, ilk növbədə kliniki ölüm və bioloji ölüm ayırd edilməlidir:

"Kliniki ölüm ürək fəaliyyətinin dayanması, beyin qabığının isə hələ sağ olması deməkdir. Bu zaman hələ bədən refleksləri saxlanılır və beyin qabığı hələ salamat qalır. Bu qısa bir dövrdə baş verir, amma havanın şəraitindən, temperaturundan asılı olaraq bu dövr uzana bilər" .

Professorun sözlərinə görə, hava temperaturunun az olması bu dövrü uzada bilər. Orta hesabla kliniki ölüm 6 dəqiqə davam edir və bundan sonra beyin qabığı ölür və bioloji ölümə keçir. Onun sözlərinə görə, kliniki ölüm keçirən şəxsləri həyata qaytarmaq mümkündür:

"Bunu reanimasiya tədbirlərindən keçib süni nəfəs və ya ürək masajı ilə həyata keçirmək mümkündür. Eyni zamanda, ürəyə adrenalin və digər simulyatorlar vurulması prosesi də aparıla bilər".

Kliniki ölüm dövründə bəzən xəstədə müxtəlif zəhərlənmələr və eyni zamanda həyat fəaliyyətinin , qan təzyiqinin aşağı düşməsi ölüm mənzərəsi yaradır. Əslində bu, həyati funksiyaların həddən artıq aşağı enməsi ilə bağlıdır.

Adil Qeybullanın sözlərinə görə, dəfn olunan xəstənin hər biri məhkəmə tibbi ekspertizasından ya keçir ya da bu ölümün şəksiz əlamətləri komissiya tərəfindən birbaşa təsbit olunmalıdır. Professor deyir ki, indi təbabət elə inkişaf edib ki, ölümün kliniki və ya bioloji olduğunu müəyyən etmək çətinlik törətmir.





Dünya praktikası nə deyir?

Southempton Universitetində çalışan reanimatoloq Sem Pernia kliniki ölüm keçirən insanların ayılandan sonra ruhlarının bədəndən ayrılması, əməliyyat prosesi və həkimləri yuxarıdan izləməsi barədə iddialarını yoxlamaq üçün belə bir eksperiment keçirir. O intensiv terapiya şöbəsi palatalarında yalnız tavan səviyyəsindən aşağı baxdıqda görünən diqqətçəkən şəkillər yerləşdirir. İndiyə qədər kliniki ölüm anında ruhunun bədənini tərk etdiyini və hamını yuxarıdan izlədiyini iddia edən şəxslərdən heç kim həmin şəkilləri görməmişdir.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #kliniki_ölüm   #Video   #Maraqlı   #Tibbi   #Həkim  

Oxunub: 6124


Oxşar xəbərlər