Ermənistanı gözləyən sərt qış - Sanksiya və bahalaşma İrəvanı necə "DONDURACAQ"?


16:40     14 Noyabr 2018 18_11_14_1542199817.jpg

ABŞ-ın “Euarasianet” analitik dərgisi yazıb ki, Ermənistanın yerləşdiyi coğrafiya, o cümlədən dünya okeanına çıxışının olmaması və ciddi təbii resurslardan məhrum olması ona çətinlik yaradacaq.

Ermənistanın enerji ehtiyacının 40%-ni ödəyən Metsamor AES köhnəlib. Nəticədə Ermənistanın İran və Rusiyadan enerji asılılığı daha da artıb.

ABŞ-ın sərt sanksiyaları ilə üzləşən İranın Ermənistana enerji satması bir qədər çətinləşəcək. İrandan ciddi enerji asılılığı olan Ermənistanın rəsmi Moskva tərəfindən qazın bahalaşdırılması ilə hədələnməsi isə əməlli başlı ermənilər üçün problem yaradıb. Bir tərəfdən də Vaşinqton “məxməri inqilab”dan sonra Ermənistanın Rusiya himayəsindən çıxmasına çalışır. Bir sözlə Ermənistan xaotik bir vəziyyətin içindədir.

Bu da aydındır ki, heç bir erməni rəhbər nə qədər ABŞ meyilli olsa da, “oturduğu budağı” kəsməz. Nəzərə alsaq ki, qarşıdan qış gəlir və qazdan asılılıq daha da artacaq. Qaz həm də enerji daşıyıcısıdır. Elektrik stansiyaları onunla çalışır. Yəni qazın bahalaşması bilavasitə ərzaq məhsullarının qiymətinə də təsirsiz ötüşməyəcək.

Ermənistanı gözləyən bu cür xaotik vəziyyəti siyasətçilər Femida.az-a şərh ediblər.

Ermənistan üzrə siyasi ekspert, III dərəcəli dövlət müşaviri Hatəm Cabbarlı bildirib ki, Ermənistan müstəqilliyini elan etdikdən bəri ciddi enerji problemi yaşayır:

“Metsamor AES hesabına ermənilər enerji problemini müəyyən qədər həll etmişdi. 1988-ci ilin dekabrında baş verən zəlzələdən sonra 5 il stansiya işləmədi. Nəticədə 90-cı illərin əvvəllərində Ermənistan ciddi enerji böhranı yaşadı. Daha sonra AES yenidən işə salındı. Bu həm də bölgə üçün təhdid sayılırdı. Üstəlik Metsamorun fay xətti üzərində inşası ekoloji problem də yaratmışdı. Ermənistan rəhbərliyi hər nə qədər stansiyanın yeniləndiyini iddia etsə də, bu stansiya VVR reaktor modeli üzərində qurulub ki, bu da ən çox qəza keçirən və təhlükəli modellərdən sayılır. Bu baxımdan Ermənistan hələ 2000-ci illərin əvvəllərində Avropa Birliyinin bu stansiyanın bağlaması tələbi ilə qarşılaşdı. Düzdür, Ermənistan bir şəkildə bu tələbi ləğv etdirdi. Lakin yenə də ölkəin enerji tələbatı tam ödənilmədi.



Ermənistan İrandan qaz alır. Amma bu onun ehtiyaclarını tam olaraq qarşılamır. Bu gün Ermənistan qazının əsas tədarükçüsü Rusiyadır. Bu qaz həm elektrik enerjisinin alınması , həm də pərakəndə satış istiqamətində sərf edilir. Lakin Rusiya bu il Ermənistana satılacaq qazın qiymətinə yenidən baxdı və müəyyən qədər artım gözlənilir. Bu da Paşinyan hakimiyyətinin Rusiyanın bölgədəki varlığını sorğulayan açıqlamalar verməsi ilə bağlı idi. Ümumiyyətlə dünyada qazın qiymətinin bahalaşması da buna təsir edə bilər. Amma inanmıram ki, Rusiya qazı Ermənistana digər ölkələrə satdığı qiymətə satsın. Zənnimcə Ermənistana daha ucuz satılacaq. Amma istənilən halda artım Ermənistan üçün faciə olacaq. Çünki ermənilərin iqtisadi durumu o qədər aşağıdır ki, hər hansı bir bahalaşma hökumətə yönəlik təzyiqləri artıracaq”.

Politoloq Natiq Mirinin Femida.az-a açıqlamasına görə, sanksiyalar Ermənistan üçün ciddi məhdudiyyət yaratmayacaq:

“ABŞ-ın sanksiyalarından sonra İranın Ermənistana enerji tədarükündə müəyyən məhdudiyyətlər ola bilər. Ancaq bunun birdəfəlik kəsiləcəyini düşünmək olmaz. Çünki son 26-27 ildə İran Ermənistanın enerji təchizatını heç vaxt kəsməyib. Nəinki enerji, hətta ərzaq, buğda satışını belə heç vaxt dayandırmayıb. Burada təbii ki, qısamüddətli problemlər yaşana bilər. Ermənistanın izolyasiya vəziyyətində olduğunu ABŞ yaxşı bilir. İranla Ermənistan arasında ciddi bazarlıq olmayacaq. Bununla bağlı Con bolton bölgəyə səfəri zamanı Paşinyana ciddi mesajlar da verdi. Ancaq İran da daim Ermənistanı Azərbaycan və Türkiyədən müdafiə edib. Bu məsələni də gözardı etmək lazım deyil.



Digər tərəfdən Ermənistanın Gürcüstan qapısı da var. Gürcülər də zaman-zaman ermənilərə enerji məsələsində dəstək verib. Gürcüstandakı hakimiyyət nə qədər qərbyönümlü olsa da, İvanaşvili hakimiyyətinin Rusiya ilə ciddi əlaqələri mövcuddur. Xüsusilə də Rusiyada İvanaşvili hakimiyyətinin biznesləri var. Odur ki, enerji məsələsində Ermənistan üçün ciddi bir məhdudiyyət olmayacaq”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Natiq_Miri   #Hatəm_Cabbarlı   #siyasət   #Ermənistan   #Metsamor   #İran   #ABŞ   #Rusiya   #sanksiya   #qaz   #enerji   #iqtisadiyyat  

Oxunub: 1512