İrəvanla Qarabağ separatçılarının “təhlükəli” oyunu - “Hərbi blok yaratmalıyıq”

İrəvanla Qarabağ separatçılarının “təhlükəli” oyunu - “Hərbi blok yaratmalıyıq”


20:17     14 Noyabr 2018 18_11_14_1542212920.jpg

“Ermənistanla Qarabağ arasında hərbi-strateji blok yaradılmasının vaxtı gəlib çatıb”

Femida.az azvision.az-a istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejimin “Təhlükəsizlik Şurasının” “rəhbəri” Vitali Balasanyan bu cür təkliflə çıxış edib.

“İrəvanla bizim aramızda möhkəm birləşdirici sənəd olmalıdır və orada yazılmalıdır ki, Ermənistan Qarabağ xalqının təhlükəsizliyinin qarantıdır. Burada “ərazi bütövlüyünün qarantı” yox, məhz “xalqın təhlükəsizliyinin qarantı” ifadəsinin yazılması olduqca vacibdir. Çünki Azərbaycanın işğalı altında olan erməni torpaqları var”, – deyə Balasanyan sərsəm fikirlər səsləndirib.

O, həmçinin bildirib ki, bu ilin may ayında onlar artıq Ermənistan rəhbərliyinə belə bir təklif ediblər və bu təklif İrəvan tərəfindən qəbul olunub. Balasanyanın sözlərinə görə, Ermənistanla Qarabağdakı separatçı rejim arasında bu cür sazişin imzalanmasına dair hər iki tərəfdən müvafiq göstəriş verilib və aparılan işlərdən sonra sənəd demək olar ki, artıq hazırdır.

“Sadəcə hazırda Ermənistandakı daxili siyasi proseslər səbəbindən sənədə baxılması bir qədər gecikir. Amma əminəm ki, dekabrda Ermənistan parlamentinə keçiriləcək seçkilərdən sonra bu sənəd artıq bizim əlimizdə olacaq”, - Balasanyan bəyan edib.

Separatçıların bu bəyanatı erməni ekspertlərin həyəcan təbili çalmasına səbəb olub. Onlar məsələyə müxtəlif kontekstdən yanaşaraq, bütün hallarda Qarabağ separatçıları ilə belə bir hərbi blokun yaradılmasının Ermənistanın xeyrinə olmayacağını bildirirlər.

Qeyd olunur ki, bununla İrəvanın beynəlxalq hüquqa zidd gedərək qondarma “Dağlıq Qarabağ Respublikası” ilə hərbi blok yaratması münaqişənin sülh yolu ilə həllinə istiqamətlənən danışıqlar prosesində pozucu tərəfin məhz Ermənistan olduğunu sübut edəcək. Belə bir qərar həm də, Dağlıq Qarabağ nizamlanması üzrə Azərbaycanın mövqelərini gücləndirərək, münaqişənin hərb yolu ilə həlli üçün rəsmi Bakının əlinə daha bir ciddi fakt vermiş olacaq. Bu zaman beynəlxalq birlik və Minsk qrupunun həmsədrləri də Bakının atacağı addımlara haqq qazandırmağa məcbur olacaqlar.

Digər erməni ekspertləri isə bildirirlər ki, indiyədək Qarabağda məhz Ermənistan silahlı qüvvələrinin vuruşduğu heç kəsə sirr deyil. Sadəcə belə bir hərbi paktın imzalanması ilə İrəvan Qarabağdakı hərbi iştirakına bir növ hüquqi don geyindirəcək. Elə “ərazi bütövlüyünün qarantı” yox, məhz “Qarabağ xalqının təhlükəsizliyinin qarantı” ifadəsinin sazişə salınması da bunu göstərir. Lakin məsələnin absurdluğu ondadır ki, dünya birliyi ilə yanaşı, heç Ermənistanın özü də Qarabağdakı rejimin “müstəqilliyini” tanımır. Bu səbəbdən, imzalanacaq sənəd heç bir hüquqi qüvvəyə malik olmayacaq. Buna rəğmən, Nikol Paşinyanın seçkilərdən sonra hakimiyyətini möhkəmləndirməyi bacarsa, Qarabağ separatçıları ilə belə bir sazişə gedəcəyi istisna edilməyib. Erməni ekspertlərə görə, bu addım Paşinyanın münaqişə ilə bağlı əvvəlki şüarlarının mahiyyətinə də uyğundur.

Əgər Paşinyan sazişə imza atarsa, bu, gələcəkdə onun Qarabağın "müstəqilliyini" tanımaq niyyətindən xəbər verə bilər ki, burada başlıca məqsəd əslində münaqişə ilə bağlı məsuliyyətdən qaçmaq ola bilər. Amma İrəvanın Qarabağa dair indiyədək bütün qərarları məhz Moskvanın razılığı ilə verdiyi nəzərə alınsa, çətin ki, Paşinyanın müstəqil addımı Qarabağ münaqişə ilə bağlı xüsusi maraqları olan Kremldə cavabsız qalsın.

Femida.az

Açar sözlər:

Oxunub: 223