Aqrar sahədə yeni ixtisas üzrə kadr hazırlığına başlanılıb


21:29     15 Noyabr 2018 kend%20teserrufati%20nazirliyi.jpg

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bir sıra yeni ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində kadr hazırlığına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu tədris ilindən ADAU-da “Bitki mühafizəsi” ixtisası üzrə başlamış kadr hazırlığına dəstək vermək məqsədilə nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra addımlar atıb.

Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində “Bitki mühafizəsi” ixtisası üzrə tədris kurikulumu hazırlanıb. Layihənin cəlb etdiyi yerli və beynəlxalq ekspertlərin birgə fəaliyyəti nəticəsində müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış kurikulumlar artıq Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bununla yanaşı, ixtisas üzrə bakalavr pilləsi ilə yanaşı, magistr və doktorluq dərəcələri üçün də kurikulumların hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, “Bitki mühafizəsi” ixtisası üzrə sovet dövründə və müstəqilliyimizin ilk illərində universitetdə kadr hazırlığı həyata keçirilməsinə baxmayaraq, 20 ilə yaxındır ki, bu sahə üzrə kadr hazırlığı həyata keçirilmirdi. 2018-2019-cu tədris ilindən isə bərpa olunan bu ixtisas üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə 30 nəfər tələbə qəbul olunub. İxtisas üzrə bütün tələbələr yalnız dövlət sifarişi əsasında təhsil alırlar. Növbəti illərdə “Bitki mühafizəsi” ixtisası üzrə xarici dillərdə də kadr hazırlığının aparılması nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 653