Səyyar “ASAN xidmət” davam edir


10:37     19 Noyabr 2018 seyyar%20asan.jpg

Səyyar “ASAN xidmət” oktyabrın 24-dən noyabrın 22-dək Biləsuvarda, oktyabrın 29-dan noyabrın 27-dək Şirvanda, noyabrın 7-dən dekabrın 6-dək Qusarda, noyabrın 8-dən dekabrın 22-dək Şəmkir rayonunun Dəllər qəsəbəsində, noyabrın 10-dan 29-dək Ağdaşda, noyabrın 12-dən dekabrın 11-dək Xırdalan və Şamaxıda, noyabrın 12-dən 26-dək Tərtərdə, noyabrın 14-dən dekabrın 3-dək paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində, noyabrın 20-dən dekabrın 4-dək Göygöldə vətəndaşlara səyyar formada xidmət göstərəcək.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bununla yanaşı, vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biləcəklər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 465