Gömrükdə ələ keçirilən narkotiklərin statistikası açıqlandı


11:19     19 Noyabr 2018 gomruk1.jpg

Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub, müasir texnika və avadanlıqlarla təchiz edilib.

Femida.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib. Onun sözlərinə görə, bu il gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb:

"Cari il ərzində gömrük orqanları tərəfindən 18 mart 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin oxlarının içərisindən 50 kq 800 qr. heroin, 23 aprel 2018-ci il tarixdə Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqu hissəsindən 104 kq 530 qr. heroin, 23 may 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqusundakı odadavamlı plitələrin arasında gizlədilmiş 500 kq 635 qr. heroin aşkarlanıb.

Bundan əlavə, 5 iyul 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası nəticəsində qoşquda gizlədilmiş 256 kq 365 qr. heroin, 23 iyul 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası və “buster” cihazının tətbiqi nəticəsində qoşqunun təkərləri arasında oxların içərisində gizlədilmiş 48 kq 430 qr. tiryək, 1 sentyabr 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobili rentgen qurğusundan keçərkən avtomobilin dartıcısının tavan hissəsində gizlədilmiş 41 kq 400 qr. tiryək, 7 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində yük avtomobilində gizlədilmiş 105 kq. heroin aşkar edilib".

Femida.az

Açar sözlər:

Oxunub: 409