"Mazımçay" postunda bir gün - REPORTAJ (FOTOLAR)


12:15     19 Noyabr 2018 2018/11/46513669_2148013745515937_7728484325607342080_n_1542614833.jpg


Noyabrın 17-də bir sıra media nümayəndələrinin Gürcüstanla sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna səfəri təşkil edildi. Məqsəd media nümayəndələrinə gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə nümayiş etdirmək, proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək idi.

Bütün gömrük postlarında olduğu kimi "Mazımçay"da da ilk gömrük proseduru sərhəd qapısından başlayır. Avtomobil gömrük ərazisinə daxil olan kimi xüsusi quraşdırılmış ilmənin üzərinə çıxır və avtomatik olaraq sistem işə düşür. Nəqliyyat vasitəsinin şəkili çəkilərək bazaya ötürülür. Daha sonra maşın tərəzinin üzərinə çıxır, onun çəkisi hesablanır.



Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə (VAİS) daxil edilir. "Bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Daha sonra kinoloji xidmətin itləri avtonəqliyyat vasitəsini yoxlayır. Fiziki baxış keçirildikdən sonra mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır. Bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.





Bir inspektor bir nəqliyyat vasitəsi prinsipi hələ ki, “Mazımçay” postunda aparılmır. Buna səbəb postda gedən rotasiyadır. Yaxın müddətdə burada da həmin prinsip tətbiq olunacaq.
Belə ki, "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə görə, bir nəqliyyat vasitəsinə aid olan bütün prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.



"Mazımçay" ən sürətli postdur
“Mazımçay” postundan təkcə oktyabrda 21153 nəqliyyat vasitəsi idxal və ixrac xəttindən yoxlanılaraq buraxılıb. Qeyd edim ki, "Mazımçay" postu nəqliyyat vasitələrinin buraxılmasına görə ölkənin ən sürətli gömrük postudur. Buradan keçən nəqliyyat vasitələrinin 58 faizindən çoxu 20 dəqiqədən az müddətdə yoxlanılıb.
Yeri gəlmişkən, artıq DGK beynəlxalq yükdaşıma şirkətləri ilə əməkdaşlığa başlayıb. Bu imkan verəcək ki, Azərbaycan sərhədinə gələn maşınların yükləri barədə əvvəlcədən məlumat olsun. Eyni zamanda Türkiyə, İran və Gürcüstanla məlumat mübadiləsi aparılır. Yaxın müddətdə Rusiya ilə də analoji əməkdaşlığa başlanacaq. Eynilə bu da gömrükdəki yoxlamaların azaldılması, sıxlığın aradan qaldırılmasına xidmət edəcək.



Bukletlər nəyə xidmət edəcək?
Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bildirdi ki, Komitə dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Onun sözlərinə görə, vətəndaşlar bukletə baxmaqla ölkəyə hansı maldan rüsumsuz, hansı maldan rüsumlu gətirə biləcəyini, hansı malların ümumiyyətlə qadağan olduğunu vizual şəkildə görəcək. Bukletlərdə ölkəyə idxal olunan mallar 4 növə ayrılır: Birinci qrupa güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməli olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və sonuncu 4-cü kateqoriyaya isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir. Burada bütün mallar haqqında ətraflı məlumat verilib. Həmçinin bukletlərdə QR kod yerləşdirilib ki, gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə oxutdura bilərlər. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək. Həmin bukletlərin elektron versiyası ilə BURADAN tanış ola bilərsiz.



Ermənilər turistlər vasitəsi ilə Azərbaycana nə ötürür?
Səfər çərçivəsində "Mazımçay" gömrük postunun müvəqqəti saxlanc anbarı ilə də tanış olduq. Burada Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, nəzərdə tutulandan artıq mal gətirən vətəndaşların malları saxlanılır. Tez xarab olan maldırsa, 3 gün, xarab olmayan maldırsa, vətəndaşa 4 ay vaxt verilir ki, gəlib öz malını götürsün.
Anbarda diqqət çəkən ən önəmli məqam Ermənistan məhsulları idi. Gömrük orqanları əməkdaşlarının sayıqlığı nəticəsində ölkəyə Ermənistan istehsalı olan malların keçirilməsinin qarşısı alınıb.
Burada Üzərində "Armenia" yazılmış müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr görmək mümkündür. Bunların bir hissəsi ölkəyə gələn turistlərdən götürülüb. Ümumilikdə isə bu adda saxlanılan əşyaların sayı 100-ə yaxındır.
Təbii ki, bu məqsədli şəkildə atılan addımdır. Bəzən ermənilər öz ölkələrini təbliğ etmək üçün üzərində "Armenia" yazılan suvenirləri turistlərə pulsuz verirlər. Onlar da öz növbəsində bu malları Azərbaycana keçirmək istəyirlər.













Elektron növbə
Səfər çərçivəsində yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə - elekton növbə sistemi barəsində də məlumat verildi. Bu sistem vasitəsilə vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti barədə əvvəlcədən məlumat ala biləcəklər. Yeni sistem tətbiq edildikdən sonra internetə çıxışı olan istənilən məkandan gömrük-keçid məntəqəsindəki vəziyyət barədə məlumat almaq imkanı əldə ediləcək. Artıq DGK-in rəhbərliyi səviyyəsində bu sistemin prezentasiyası olub. Sistemin məğzi nədir? Vətəndaş sərhədə gəlməmiş evində oturub qeydiyyatdan keçəcək və onlayn formada biləcək ki, sərhəddə sıxlıq vəziyyəti necədir. Məsələn səhər vaxtı baxıb görəcək, sıxlıq varsa, həmin vaxt getməyəcək. Beləcə gün ərzində gələn vətəndaşlar bütün saatlara balanslı şəkildə paylanacaq və sərhəddəki sıxlıq aradan qalxacaq.



Son olaraq sərhəddə keçən minik vasitələrinin yoxlanışı ilə tanış olduq. Xüsusi cihaz vasitəsilə maşının görünməyən yerləri yoxlanılır. Həmin hissədə qədərindən çox sıxlıq olarsa, cihaz siqnal verir. Adətən narkotik və digər vasitələri keçirənlər bu yollara əl atırlar.



Son dövrlər ciddi islahatlara start verən DGK bir daha ictimaiyyətə açıq olduğunu və aparılan proseslərin şəffaflığını jurnalistlər vasitəsilə cəmiyyətə çatdırır. "Mazımçay" postundakı mediaturumuz başa çatır.







Amin Nəzərli
Fotolar: Şahin Sərdarov

Femida.az

Açar sözlər: #Gömrük   #DGK   #iqtisadiyyat   #reportaj   #Balakən   #Mazımçay   #femida  

Oxunub: 2854