5700 məhkumun cəzası yüngülləşib - 1700 nəfər cəzadan azad olunub


09:30     22 Noyabr 2018 18_11_22_1542864971.jpg


"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün "yol xəritəsi” oldu".

Femida.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Nazir bildirib ki, sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılıb:

"Yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub.

Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalıb, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enib. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalıb.

Sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılmış, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunub.

Həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi təmin olunub, bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilib, xarici və yerli şirkətlərin nəzarət qurğuları sınaqdan keçirilib və yerli istehsalçıya üstünlük verilib. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunub, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılıb, mərkəzin imkanları və "elektron qolbağ”ın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilib. İstifadəsinə bir neçə aydır başlanılmış bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir. Qısa müddətdə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək elektron nəzarət vasitələrinin tətbiqi digər dövlətlər tərəfindən yerində öyrənilir".

Femida.az

Açar sözlər: #ədliyyə   #nazir   #elektron   #məhbus   #həbs   #qanun   #cinayət  

Oxunub: 805