Küvəzdə həyat mübarizəsi - Bir günü 500 manatdır (ARAŞDIRMA)

Küvəzdə həyat mübarizəsi - Bir günü 500 manatdır (ARAŞDIRMA)


16:34     22 Noyabr 2018 2018/11/photo_2516_1542889839.jpg


Stressli keçən hamiləlik, ananın səhhətindəki problemlər, hamiləlik dövründə alınmış fiziki və ya psixoloji travma və s. bir çox səbəblər nəticəsində bəzən uşaqlar dünyaya problemli şəkildə gəlir. Xüsusən də uşaq vaxtından əvvəl doğulubsa...

Belə olan halda onu küvəzə yerləşdirmək lazım gəlir. Küvəz - tənəffüs və ya digər problemlə doğulan uşaqların qoyulduğu xüsusi aparatlardır. Hansı ki, uşaqlar burada müalicə alır, qidalanır və bu aparatlardakı xüsusi havalandırma-tənəffüs sistemi vasitəsi ilə normal inkişafa qaytarılır. Körpələr aparatda bəzən aylarla qalmalı olur.

Bir günü pulsuz da var, 500 manat olan da
Təəssüf ki, bu gün dövlət xəstəxanalarının əksəriyyətində küvəz olsa da, onlar ürəkaçan şəkildə fəaliyyət göstərmir. Özəl klinikalarda isə qiymətlər çox bahadır. Femida.az Bakıda küvəzlərlə bağlı durumu araşdırıb. Klinikalardan verilən cavabları və qiymətləri diqqətinizə çatdırırıq.


Leyla Şıxlinskaya adına klinika: - “Bizdə küvəz xidməti 2 cürdür. Aylıq 140 manat və 180 manat. 140 manatlıq normal küvəzdir. 180 manatlıq küvəz isə süni tənəffüsə ehtiyacı olan uşaqlar üçündür. Qeyd edim ki, qiymətə əlavə dərmanlar , həkim üçün və digər xərclər daxil deyil. Dərmanlara əlavə olaraq gündəlik təxminən 50 manat çıxır”, - deyə zəngimizə cavab verən xanım bildirdi.

Mərkəzi Klinika - Uşağınızın Mərkəzi Klinikada müalicə almasını istəyirsizsə, xəstəxanaya girəndə 2000 manat depozit qoymalısız. Küvəzdə qalmanın ilk günü üçün 300 manat, sonrakı hər gün üçün 250 manat ödəməlisiz. Rentgen, dərmanlar, həkim üçün ödəniləcək məvacib isə ayrıdır. Klinika əməkdaşının sözlərinə görə, 2000 manat depozit valideynlərdə arxayınçılıq yaratmasın. Bəzən bu məbləğ 1 gündə də xərclənə bilər.

Respublika Perinatal Mərkəzi - Dövlət müəssisəsi olduğu üçün Perinatal Mərkəzdə küvəz pulsuzdur. Lakin Mərkəzdən saytımıza bildirilib ki, hazırda boş küvəz yoxdur. Bölgələrdən gələn xəstələr xüsusi göndərişlə gəlməlidir. Burada gündəlik təxminən 25-50 manat xərcinizin çıxacağını nəzərə almalısız. Çünki Mərkəzdə olmayan bəzi dərman və ləvazimatları kənardan almaq məcburiyyətində qala bilərsiz.

Baku Medical Plaza - Klinikadan zənglərimizə cavab verən olmasa da, apardığımız araşdırmaya görə, bura paytaxtın ən bahalı küvəz təqdim edən klinikasıdır – gündəlik 500 manat. Klinika bunu yüksək səviyyəli xidmətlə əlaqələndirir. Plazanaın internet portalındakı məlumata əsasən, hətta onların təcili yardım avtomobillərdə belə küvəz var və yeni doğulan uşaqlar küvəzə qoyularaq xəstəxanaya çatdırılır ki, onların yolda tələf olmaq riskinin qarşısı alınsın. Bura ən kritik vəziyyətdə olan uşaqlar belə qəbul edilir”.

Elmi-Tədqiqat Pediatriya İnstitutu - Xalq arasında OMD kimi tanınan Elmi-Tədqiqat Pediatriya İnstitutu da dövlət müəssisəsi olduğu üçün burada xidmətlər pulsuzdur. Amma burada yatan xəstələr bildirir ki, pulsuz olduğu üçün çox qarışıqlıq olur. Pasient çoxdur, vaxtında və ürəkaçan yardımı almaq mümkün deyil. Üstəlik burada da müəyyən qədər xərciniz çıxacağı istisna olunmur.



Nazirlik və ekspert nə deyir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Femida.az-a açıqlamasında bildirib ki, nazirlik özəl xəstəxanalardakı qiymətlərə müdaxilə etmək hüququna sahib deyil:

“Özəl klinikalar sahibkar obyektidir. Oradakı qiymətləri biz tənzimləmirik. İstədikləri qiymətləri qoya bilərlər. Dövlət xəstəxanalarına gəlincə, burada heç bir puldan söhbət gedə bilməz. Əgər orada kimsə pul tələb edirsə, bu qanunsuzdur. Bu gün artıq ölkənin əksər bölgələrində xəstəxanalar küvəzlərlə təmin olunub. Rahatlıqla bölgələrdə yaşayan şəxslər bu xidmətdən istifadə edə bilərlər. Hansısa rayon xəstəxanasından küvəz yoxdursa da, mütləq qonşu rayon xəstəxanalarında tapmaq olar”.



Səhiyyə eksperti Adil Qeybulla isə müasir dövrdə küvəzsiz xəstəxana təsəvvür etməyin mümkünsüz olduğunu deyib:

“İndi küvəzlərin daha müasir formaları var. Dövlət xəstxanalarında, bütün doğum evlərində mütləq bu aparatlardan olmalıdır. Çünki istənilən an yeni doğulan uşağın bu aparata yerləşdirilmə ehtimalı yarana bilər. Doğum şöbəsi olan özəl xəstəxanalarda bu xidmət nisbətən yaxşı fəaliyyət göstərir. Amma dövlət xəstəxanaları ilə bağlı məndə dəqiq məlumat yoxdur. İstənilən halda xəstəxananı küvəzsiz təsəvvür etmək olmaz. Çünki bu elə bir məsələdir ki, uşaqların həyatı müzakirə mövzusudur. Yeni doğulan körpəyə lazımi qulluq göstərilməməsi də onun ölüm səbəblərindən biridir.
Yəqin yadınızdadır, Mingəçevir SES-də baş verən qəza zamanı dövlət xəstəxanalarının bir çoxunda ciddi problemlər yaşanmışdı. Bu cür fors major halların qarşını almaq üçün əlavə tədbirlər mütləq görülməlidir".



Yadda qalanlar...

2014-cü ildə Ağdam rayonunda 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya yerləşdirilmişdi. Təəssüf ki, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küvəz tapılmamışdı. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətirilmişdi. Təəssüf ki, uşağın biri yolda dünyasını dəyişmişdi. Bakıdakı həkimlər bildirmişdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi.

2017-ci ildə isə Salyan rayon xəstəxanasında vaxtından əvvəl dünyaya gələn üçəmlər acı tale yaşamışdı. Onlardan ikisi həyatda qala bilməmişdi. Valideynləri iddia edirdi ki, iyunun 21-də əvvəl doğulmuş üçəmlərdən ikisi küvəz aparatı işləmədiyi üçün dünyasını dəyişib. Onların sözlərinə görə, xəstəxanada işıq söndüyü üçün generatorlar da işləməyib və bu da körpələrin ölümünə səbəb olub.

Körpələrin ölümü faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaq maddəsi ilə cinayət işi başlanmışdı.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #küveyz   #küvəz   #səhiyyə   #uşaq   #ana   #körpə   #ölüm   #doğuş  

Oxunub: 1285