Vəkilliyə qəbul imtahanı bu tarixdə KEÇİRİLƏCƏK
19:30 22 Noyabr 2018
.jpg)
Vəkillər Kollegiyası (VK) ilə Dövlət
İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, dekabrın 23-də Kollegiya üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Kollegiyadan Femida.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq, mərkəzdə 180-dək namizəd imtahan verəcək. Bu səbəbdən daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaq. Dəvət ediləcək şəxslərin imtahana buraxılıb-buraxılmamaları barədə məlumat onlara müraciətlərinin daxil olduğu gün veriləcək. Dekabrın 23-də keçiriləcək imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda təşkil ediləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.
Bundan əvvəlki – yanvarın 28-də keçirilmiş qəbul imtahanında iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçə bilməmiş şəxslər dekabrın 23-dəki imtahanda iştirak edə bilməzlər.
Femida.az
Oxunub: 962