“Ona 2 mln dollar nəğd pul verdim“ - MƏHKƏMƏ ZALINDAN


19:31     14 Oktyabr 2015 publika.az1404986369Aqir-Cinayetler-mehkeme-zal-main.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Femida.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə adı keçən Səməd Abbasov, Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun qardaşı Cavanşir Cəfərov və təqsirləndirilən şəxs ifadə verib.

"Bank of Azerbaijan" bankının 4 saylı filialının Kredit Şöbəsinin rəhbəri olan S.Abbasov dindirilən zaman bildirib ki, E.Axundovun pullarını iş otağında saxlayıb: " Arazı Eldənizin vasitəsi ilə tanıdım. Biznesə girdiklərini dedi. 2013-cü ildə Eldəniz mənə zəng elədi. Arazın banka gəlib ona 1 milyondan artıq pul verməyimi istədi. Çünki həmin pullar Eldənizin şəxsi pulları idi. O, mənə pulları saxlamaq üçün vermişdi. Mən də həmin pulları işlədiyim bankda öz iş otağımda olan seyfə saxlayırdım. Bunu bankda rəsmiləşdirməmişdik. Ümumilikdə, Araza 2 milyon 770 min dollar nəğd pul verdim. Araz pulları məndən aparmaq üçün bir neçə dəfə Şövqi Həsənovla gəldi. Həmin vaxtı Eldəniz mənə dedi ki, Araz "Procter & Gamble" şirkətinin işçisidir. Şövqi Həsənov isə Arazın işlərinə nəzarət edir"

A.Eyvazov isə pulları S.Abbasovdan aldığını inkar edib: "Səməd düzgün danışmır. Mən ondan heç bir yerdə pul almamışam. Türkiyədən gələn malların qazancından Eldənizə 870 min manat pul verdim. Bu işdə Eldəniz dəfələrlə deyirdi ki, Vüsal Cəfərov günakardır. Türkiyədən gətirdiyimiz 100 min manat dəyərində olan yuyucu tozlarını Bakıda milyondan artığına satırdıq. Bir dəfə Eldəniz həmin malların bizim başımıza iş gətirəcəyini etiraf da etdi".

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin edilib.
Xatırladaq ki, E.Axundov "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur. O, A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.
Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.
A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 836