Xəstəlik daşıyıcıları ailə qura bilməz? ARAŞDIRMA


18:27     15 May 2015 evlilik9.jpg

Ailə Məcəlləsinə edilən dəyişikliklər barədə fikirlər müxtəlifdir. Prezident İlham Əliyevin 17 dekabr 2014-cü il tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.


Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslərin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Burada əsas məqsəd bir sıra irsi, genetik və cinsi yolla keçən xəstəliklərin - talassemiya və hemofiliya, immun çatışmazlığı, genetik yolla keçən psixi, ruhi və əsəb, infeksion dəri-zöhrəvi xəstəliklərinin qarşısını almaqdır.

Məlum olduğu kimi, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdimetdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidirlər. Hətta bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib. Qəbul edilən qanunun vətəndaşların nikah hüququnun məhdudlaşdırmı?

Femida.az mövzu ətrafında araşdırma aparıb. Məsələ ilə bağlı vətəndaşların və hüquqşünasların mövqeyini təqdim edirik.

Hüquqşünas Məhərrəməli Həmidov: “ Burada vətəndaşın nikah hüququ pozulmur. Lakin nikaha daxil olan şəxs özündə dəri-zöhvəri xəstəliyi və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyi olmasını gizlədərsə, qarşı tərəf həmin nigahın etibarsız sayılmasını tələb edə bilər. Qanunda ailə qurmaq hüququndan şəxsin məhrum edilməsinə dair mövcud hər hansı müddəalar nəzərdə tutulmamışdır. Lakin ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində fəaliyyət qabilliyyətini itirmiş şəxslər arasında nikaha qanunla qadağa qoyulub. Bu səxslər öz hərəkətlərini ölçüb-biçmək və ya idarə etmək iqtidarında olmadıqlarından, onların düşüncəli halda nikaha daxil olmasından danışmaq qeyri- mümkündür.

Hüquqşünas Günel Natiq: ” Düşünürəm ki, bu yerində qəbul edilmiş müsbət dəyişiklikdir. Çünki, əvvəllər qız və oğlan nikaha girərkən, istəsələr belə aralarındakı mənəvi dəyərlərin zədə alacağını zənn etdikləri üçün müayinədən keçmirdilər. Nəticədə ailələrdə problemlər yaşanırdı. Burada vətəndaşların nikaha girmək hüququ məhdudlaşmır. Sadə vətəndaşlar qanundan nə dərəcədə razıdır?

Hüquqşünaslar burada qanunazidd məqamların olmadığını qeyd etsələr də, sadə vətəndaşlar bəziləri qanunun qəbulundan narahatdırlar.

Vətəndaşlar nə düşünür?

Şəhər sakini Gülarə Vəliyeva: ”Bəli, belə bir qanun qəbul edildiyini mətbuatdan oxudum. Bildiyimə görə, tibbi arayış məcburidir. Bu, əslində sağlam ailənin təməli deməkdir. Məncə, yerində verilmiş qərardır”.

Vətəndaş Niyazi Əliyev: ”Bu kimi arayışların qanunən məcburi olması düzgün olmaz. Belə çıxır ki, xəstəliyi olan insan ailə həyatı qura bilməyəcək? Bu qanunun pozulması deməkdir. Buna görə mən bir qədər fərqli yanaşıram. Məncə burada könüllülük prinsipi tətbiq edilməlidir”.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4469