Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşdü


20:20     27 Noyabr 2018 2018/11/IMG_20181127_201801_1543335496.jpg


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Cenevrəyə rəsmi səfəri çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino ilə görüşüb.



Femida.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi V. Hüseynov təşkilatın baş direktoru vəzifəsinə seçilməsi münasibətilə A. Vitorinonu təbrik edərək Azərbaycan Respublikası və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Xidmət rəisi ölkəmizdə səmərəli miqrasiya idarəçiliyinin gücləndirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş və görüləcək işlər barədə həmsöhbətinə ətraflı məlumat verib.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru A. Vitorino Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə verdiyi dəstəyə görə Dövlət Miqrasiya Xidmətinin rəisi V. Hüseynova təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın uğurla davam etdiyini bildirən baş direktor Azərbaycanda miqrasiyanın idarə edilməsi sahəsində görülən işləri alqışlayıb və rəhbərlik etdiyi təşkilatın gələcəkdə də miqrasiya proseslərinin idarə edilməsi sahəsində Azərbaycan hökumətinə dəstəyin davam etdirilməsinə hazır olduğunu ifadə edib.

Görüş zamanı Azərbaycan Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib və beynəlxalq miqrasiya gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi V. Hüseynov görüşdə baş direktor A. Vitorinonu Azərbaycana səfərə dəvət edib.

Sessiyanın ilk günündə Beynəlxalq Miqrasiya Təşkilatına Özbəkistan Respublikasının üzv, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Fövqəladə Yardım və İnkişafa Dəstək qeyri-hökumət təşkilatının isə müşahidəçi qismində seçilmələri ilə bağlı qətnamələr qəbul edilib.

Femida.az

Açar sözlər: #Vüsal_Hüseynov  

Oxunub: 396