"Xaricdə iş" adıyla vətəndaşlar necə aldadılır? - DİQQƏT!


15:57     28 Noyabr 2018 2018/02/bilet-teyyare_1518680922.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə mövzumuz xaricdə işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslərlə bağlıdır. Redaksiyamıza müraciət edən Lalə Əliyeva başına gələn işi belə şərh edib:

“Sosial şəbəkələrin birində "Almaniyada iş imkanı" adı ilə bir elan gördüm. Elanda qeyd olunan nömrə ilə "whatsapp"da əlaqə saxladım. Cavab verən şəxs bildirdi ki, xarici pasportumun şəklini və pasportu əlində tutaraq öz şəklimi çəkib göndərim. Beləcə bizim bütün viza və digər sənəd işlərimizi həll edəcək. Həm özüm, həm atam üçün dediyi şəkilləri çəkib göndərdim. Daha sonra ona inanmaq üçün video zəng vasitəsi ilə danışmağı təklif etdim. Bundan sonra nömrə söndürüldü. Nə zəng çatdı, nə mesaj. İndi qorxuram ki, bu şəxs dələduzdur və bizim şəxsi məlumatlarımızdan istifadə edərək qeyri-qanuni əməllər törədə bilər”.

Vətəndaşın şübhəsi əbəs deyil. Kiçik araşdırmadan sonra məlum etdik ki, həmin nömrə İngiltərə mobil operatoruna aiddir. Üstəlik nömrənin “whatsapp”ı cəmi 4 gün əvvəl açılıb. Bu isə qarşı tərəfin fırıldaqçı olduğunu göstərir. Görünən odur ki, o hər dəfə təzə nömrə alıb bu yolla vətəndaşları aldadır, daha sonra nömrəni qırıb atır.

Əfsuslar olsun ki, bəzi elan saytlarında analoji iş təklifləri verilir və bu elanları araşdırmadan onlara inanan vətəndaşlar da az deyil. İlk növbədə həmin şəxslərin insan alverinin qurbanına çevrilmək təhlükəsi var.

Məsələnin mahiyyətini vətəndaşa ətraflı izah etmək üçün hüquqi yardıma ehtiyac duyduq. Vəkil Rəvanə Talıbova Femida.az-a açıqlamasında bildirdi ki, həmin elanlarla bağlı ilk növbədə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 60-cı maddəsinə diqqət edilməlidir:

“Bu maddədə göstərilir ki, xarici ölkələrdə işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınmasını, bununla bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Məcəllənin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanından müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır".



Bəzi hallarda vətəndaşlar onlara aid fərdi məlumatlar əks olunmuş rəsmi sənədləri, əsasən də ümumvətəndaş pasportlarının surətini həmin dələduz işbazlara ötürürlər, bu da həmin fərdi məlumatların qanunsuz olaraq toplanmasına və işlənməsinə gətirib çıxara, cinayətkar məqsədlərə xidmət edə bilər. İstisna deyil ki, bu şəxs haker olsun və sizin adınıza olan bank hesablarından pul çəksin. Bundan başqa həmin şəxs pasportun surətinin üzərində maxinasiyalar edərək, saxta pasport düzəldə bilər.

R.Talıbovanın sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyanın şəxsi toxunulmazlıq hüququ barədə 32-ci maddəsində göstərilir:

“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
“Fərdi məlumatlar” haqqında 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası qanununa əsasən şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat fərdi məlumat hesab olunur”.

Qeyd edək ki, pasportların saxtalaşdırılması cinayət məsuliyyəti yaradan amillərdəndir. Vəkil bu barədə aşağıdakı müddəaları diqqətə çatdırıb:



“Pasportlar haqqında” Azərbaycan Respublikası qanuna əsasən vətəndaşa verilmiş pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır. Pasporta yalan məlumatlar daxil edildikdə, pasport oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3-cü maddəsinə əsasən insan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər hesab edilir. Həmçinin, həmin Məcəllənin 320-cı maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma; 325-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri qanunsuz yolla əldə etmə və ya satma da cinayət məsuliyyəti yaradır”.

Əziz vətəndaşlar, siz də bu cür elanlarla qarşılaşdığınız halda dərhal inanıb fərdi məlumatlarınızı qarşı tərəfə ötürməyə tələsməyin. Məlumatları göndərmədən əvvəl, mütləq hüquq müdafiəçisi ilə məsləhətləşin. Eləcə də Femida.az portalına müraciət edə bilərsiz.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #qanun   #femida   #araşdırma   #pasport   #iş   #vətəndaş  

Oxunub: 3340