Vüsal Hüseynov Cenevrədə erməni işğalından danışdı - FOTO

Vüsal Hüseynov Cenevrədə erməni işğalından danışdı - FOTO


11:04     29 Noyabr 2018 2018/11/IMG_2917_3086950730.jpg


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı ilə görüşüb.

Femida.az xəbər verir ki, görüş İsveçrədə keçirilən Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyası çərçivəsində baş tutub.

Müzakirələrdə çıxış edən V.Hüseynov miqrasiyanın qlobal inkişaf gündəliyində önəmli yer tutduğunu bildirib, Azərbaycan Hökumətinin qanuni miqrasiyanın təşviqi və sadələşdirilməsi istiqamətində atdığı addımlar barədə Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətləri məlumatlandırıb. Dünya miqyasında məcburi köçürülən şəxslərin əksəriyyətinin öz ölkələri daxilində köçürülmüş şəxslər olduğuna diqqəti çəkən Xidmət rəisi Ermənistanın işğalı nəticəsində 700 mindən çox həmvətənimizin məcburi köçkünə çevrildiyini qeyd edib. V.Hüseynov hazırkı status kvonun regionda miqrant qaçaqçılığı və insan alveri risklərini artırdığını bildirib, bunun da öz növbəsində qlobal miqrasiya təhdid rolu oynadığını vurğulayıb.



Çıxışa görə Xidmət rəisinə təşəkkürünü bildirən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino Azərbaycanın miqrasiya idarəçiliyi modelinin yaxşı nümunə olduğunu qeyd edib, Azərbaycanın məcburi köçkünlərlə bağlı narahatlığını bölüşdüyünü diqqətə çatdırıb.
Eyni tarixdə Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi ilə görüşüb.

F.Qrandi Azərbaycanla mövcud olan əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi təşkilatın bundan sonra da qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsində Azərbaycan Hökumətinə dəstək verməkdə davam edəcəyini diqqətə çatdırıb. Ali Komissar Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində Hökumət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Femida.az

Açar sözlər: #Vüsal_Hüseynov   #Cenevrə   #DMX   #miqrasiya  

Oxunub: 292