İTV-nin məhkəməsi olub


23:02     14 Oktyabr 2015 86817574-ed06-49f8-9b09-28adce0bf5e1.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


Femida.az xəbər verir ki, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən iclasda hər iki tərəfin müdafiəçiləri dinlənilib.

Məhkəmə prosesində xatırladılıb ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin ildə MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq dayandırılıb. Bu il MTRŞ "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ni məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. MTRŞ bu iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə MTRŞ-nın iddiasını təmin edib. Qərarla razılaşmayan şirkət isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müdafiəçisi iclasda çıxış edərək bildirib ki, "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminin sona çatdırılması üçün işlər aparılır: "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmi yekunlaşacaq. Bununla bağlı artıq filmin rejissoru ilə görüşülüb. Məsələ yaxın günlərdə həll olunacaq".

Məhkəmə heyəti tərəflərə məsələni öz aralarında həll eləmələri üçün bir ay vaxt verib. Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib./report.az/

Açar sözlər:

Oxunub: 598