“Azərsu”dan yeni xidmət


12:15     30 Noyabr 2018 azersu.jpg

14-cü "Su nümunələrinin yoxlanılmasına dair müraciət” elektron xidməti istifadəyə verilib.



“Azərsu” ASC-dən Femida.az-a daxil olan məlumata görə, yeni xidmət ödənişli əsaslarla içməli su (bulaq, quyu, kəhriz, subartezian suları və s.), üzgüçülük-hovuz suyu, isitmə suyu, suvarma suyu və tullantı su nümunələrinin laboratoriyada yoxlanılması üçün müraciətin edilməsini nəzərdə tutur.

Bunun üçün www.e-gov.az portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra “Su nümunələrinin yoxlanılmasına dair müraciət” adlı elektron xidməti seçməlidir. Müraciətin qeydiyyata alınması üçün aşağıda qeyd edilən məlumatları sistemə elektron formada daxil edilməlidir.

Fiziki şəxs və ya hüquqi şəxs seçimi;

Göstəriləcək xidmətin növü (İçməli su, üzgüçülük-hovuz suyu, isitmə sistemlərində istifadə olunan su, suvarmada istifadə olunan su, tullantı suyu);
Müraciətin səbəbi;
Şifarişin məqsədi;
Nümunə üzərində aparılacaq analiz göstəricisinin adı (siyahıdan seçilməlidir);
Nümunənin götürüləcəyi ünvan (rayon/şəhər, kənd/qəsəbə, küçə, bina/ev nömrəsi, mənzil nömrəsi);
Sifarişçinin tələb və təklifləri;
Sifarişçinin telefon nömrəsi;
Sifarişçinin elektron poçt ünvanı.

Nümunələr üzrə aparılacaq analizlərin göstəriciləri seçildikdən sonra istifadəçilər müvafiq bölmədə nümunənin yoxlanılması üzrə xidmət haqları ilə tanış ola bilər. Sifarişçi xidmətin göstərilməsinə razılıq verdiyini “Xidmətin həyata keçirilməsi proseduru ilə tanış oldum və şərtlərlə razıyam” seçimi ilə təsdiq etməlidir.

Daxil olan müraciətə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları tərəfindən baxılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Nümunələrin ünvandan götürülməsi, sifarişçi ilə müqavilə bağlanılması laboratoriyanın mütəxəssisləri tərəfindən təmin edilir. Ödəniş edildikdən və nümunələrin yoxlanılması yekunlaşdıqdan sonra sifarişçiyə elektron poçt vasitəsilə məlumat verilir. Analizlərin nəticələrini Mərkəzi Laboratoriyadan kağız daşıyıcıda və ya www.e-gov.az portalından elektron formada əldə etmək mümkündür.

Səhifəyə buradan keçid edə bilərsiniz:



Femida.az

Açar sözlər: #Azərsu   #Laboratoriya  

Oxunub: 647