“Şəhid övladı bizdən atasını istəmişdi” - “ASAN Məktub”un rəhbəri (MÜSAHİBƏ)

“Şəhid övladı bizdən atasını istəmişdi” - “ASAN Məktub”un rəhbəri (MÜSAHİBƏ)


14:05     30 Noyabr 2018 2018/11/SAH_6984_1543571471.jpg


Hər birimizin uşaqlıq arzumuz olub. Kiminin arzusu velosiped, kimininki gözəl bir gəlincik, yaxşı məktəb çantası və s. Amma heç də hamının xoşbəxt uşaqlıq illəri olmur. Bir çoxlarının qəlbində yerinə yetirilməyən uşaqlıq arzusu əlbətki olur. Bəzən maddi imkan, bəzən kimsəsiz olmaq bu arzuların reallaşmasına mane olur. “ASAN Məktub” layihəsi məhz bu uşaqların arzularını reallaşdırmaq üçün yaradıldı. Heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaq “ASAN Məktub”un əsas qayəsidir. İndi uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir. Femida.az-ın müsahibi “ASAN Məktub”un layihə rəhbəri Rəbiyyə Cəfərovadır.



- Əvvəlcə özünüz və “ASAN məktub” layihəsinin rəhbərliyinə gəlməyiniz haqqında məlumat verərdiniz.
- Mən Rəbiyyə Cəfərova, “ASAN xidmət”in İnsan Resursları və Təlim Şöbəsinin böyük məsləhətçisiyəm, həm də “ASAN Məktub” layihəsinin rəhbəriyəm. 3 il əvvəl məzun könüllülərimizdən biri və “ASAN xidmət”in bir əməkdaşı tərəfindən ideya olaraq təklif olundu ki, Novruz Bayramı ərəfəsində uşaqları sevindirək. Uşaq evində olan uşaqlara məktub yazdıraq və həmin məktublara “ASAN xidmət” əməkdaşları və “Asan Könüllüləri” olaraq cavab verək. Daha sonra bir uşaq evi ilə əlaqə saxladıq. Oradakı uşaqlara arzularını ifadə edən məktublar yazdırdıq. Ardınca o məktubları işçilər arasında böldük və uşaqların arzu etdikləri hədiyyələri aldıq. Sonra bunu eşidən bəzi vətəndaşlar da aksiyaya qoşulmaq istədilər. Amma artıq bayram bitmişdi və məktub qalmamışdı. Tələblər günbəgün çoxalırdı. Biz də noyabrda qərara gəldik ki, bir sayt yaradaq və bu prosesi sayt üzərindən həyata keçirək. Çünki məktubları hər kəsə əlbəəl çatdırmaq çətin idi. Beləcə “asanmektub.az” saytını yaratdıq və məktubları internet üzərindən vətəndaşlara çatdırmağa başladıq.



- “ASAN Məktub”un əsas məqsədi nədir?
- Hamının uşaqlıqda arzuları olur. Təəssüf ki, bəzi uşaqların arzusu arzu olaraq qalır. Biz də çalışırıq ki, məhz həmin uşaqların arzusu ürəyində qalmasın. Bu layihə daha çox cəmiyyətin sosial həssas təbəqəsi üçün nəzərdə tutulub. Respublikanın bütün rayonlarına gedirik, oradan məktubları yığırıq. Bu amalla “əlçatan arzuları sən gerçəkləşdir” devizi altında uşaqları axtarıb tapıb, onların məktublarını qəbul edirik.


Foto "ASAN Məktub"a məxsusdur

- Uşağın həqiqətən də bu hədiyyəyə ehtiyacı olduğunu necə müəyyən edirsiz?
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerlərdəki İcra Hakimiyyətləri, Uşaqlar evləri və sığınacaqlarla işləyirik. Orada qeydiyyatda olan uşaqları diqqətdə saxlayırıq. Eləcə də bizim “ASAN Könüllüləri”nin bu işdə əməyi böyükdür. Minlərlə könüllümüz var ki, onların ətrafında mütləq bu cür hədiyyələrə ehtiyacı olan uşaqlar var. Onlar bizə uşaqların tapılmasında kömək edirlər. Könüllülər evlərə gedir, orada ailəyə və uşağa layihənin məğzini izah edir. Gizli qəhrəmanın onun arzusunu gerçəkləşdirməyə hazır olduğunu bildirir və uşağa istəklərindən ibarət məktub yazdırır.



- Bölgələrdə qarşılaşdığınız ən qeyri-adi situasiya hansı olub?
- Bölgələrə gedəndə adətən insanların daha az getdiyi yerləri seçirik. Ucqarlara, dağ kəndlərinə gedirik. Bu yaxınlarda Qubanın Qrız kəndinə gedəndə yol çox təhlükəli idi. Maşınla dağa qalxanda böyük həyəcan keçirdik. Təsəvvür edin getdiyimiz kənddə cəmi 22 uşaq yaşayırdı. Bir dəfə də bölgələrdən birində çayın ortasından keçməli olduq. Amma maşın çayın ortasında xarab oldu. Bəzən təəccüblənirdik ki, insanlar bu cür dağlıq yerlərdə necə yaşayır?


Foto "ASAN Məktub"a məxsusdur

- Valideynlərin bu layihədən sui istifadə etdiyi hallar olurmu?
- Demək olar ki, yox. Hər valideyn istəyir ki, uşağının arzusu həyata keçsin. Biz evlərə getməzdən əvvəl valideynlə söhbət edib gedirik. Onlar layihənin məğzini anladıqdan sonra gedib uşaqlarla görüşürük. Uşaqlar məktubu bizimlə təkbətək şəkildə yazır. Əgər sizin bütün ehtiyaclarınız təmin olunubsa, siz pultlu təyyarə arzu edirsiniz. Amma elə uşaqlar var ki, onların ehtiyacları onların arzusuna çevrilir. O, bizdən geyim, çanta və ya ayaqqabı istəyir. Bəzən insanlar bunu sosial şəbəkələrdə qınayır, deyirlər ki, uşağın arzusu oyuncaq olmalıdır. Amma uşağın oyuncaqdan əvvəl geyimə, ayaqqabıya ehtiyacı varsa, o, oyuncaq haqqında düşünmür.



- Uşaqlar onlara hədiyyənin kim tərəfindən göndərildiyini bilirlər, yoxsa bu anonim saxlanılır?
- Əlbəttə. Bizdə hədiyyəni alan uşaqlar bunu kimin göndərdiyini heç vaxt bilmirlər. Həıdiyyəni verdiyimiz anın fotosunu çəkib mail vasitəsi ilə vətəndaşa göndəririk, o da əmin olsun ki, aldığı hədiyyə doğru ünvana çatıb.


Foto "ASAN Məktub"a məxsusdur

- Bu günədək yadınızda qalan ən təsirli məktub...
- “Əlçatan arzular sən gerçəkləşdir” devizini əbəs yerə seçməmişik. Bəzən arzular olur ki, onlar həqiqətən də əlçatmaz olur və biz onu gerçəkləşdirməkdə aciz qalırıq. Məsələn, bir uşaq valideynini itiribsə və məktubda öz valideynini istəyirsə, bu məktublar çox təsirli olur. Yadımdadır, bir şəhid övladı var idi. Hansı ki, o, məktubu öz atasına ünvanlamışdı. “Ata, istəyirəm ki, sən gələsən” deyə yazılmışdı.
Bir dəfə də Sumqayıtdan bir uşaq dostluq istəmişdi. Biz də məktuba cavab olaraq, komanda şəklində yığışıb onunla görüş təşkil etdik və dost olduğumuzu bildirdik.



- Ən böyük məbləğli hədiyyə hansı olub?
- Bu hədiyyənin alındığı mağazadan asılıdır. Həm də biz məbləğləri bilmirik. Amma ən bahalı hədiyyələr kimi velosiped və musiqi alətlərini göstərə bilərəm.

- Yeri gəlmişkən, bu yaxınlarda 3 illiyinizi tamamladız. Bu müddətdə geriyə baxanda nə görürsüz?
- 3 il əvvəl bu layihəyə başlayanda cəmi 140 uşağın məktubunu cavablamışdıq. Onda ağlımıza da gəlməzdi ki, 3 il sonra biz artıq yüzlərlə uşağın arzusunu reallaşdıracağıq. Bəzən gec saatlara qədər işlədik, bəzən yollarda başımıza müxtəlif hadisələr gəldi, yuxusuz gecələr keçirdik, yüzlərlə könüllülərlə çalışdıq. Lakin hədiyyə apardığımız uşaqların üzündəki təbəssümü görəndə bütün yorğunluq hamısı yoxa çıxır. Hər dəfə uşaqları sevindirəndə öz-özünə deyirsən ki, mən bunu yenə də etmək istəyirəm. Bu elə bir sosial layihədir ki, insanlar bir araya gəlir və heç bir məqsəd güdmədən könüllü şəkildə çalışır. Vətəndaşlar bu işə təkcə məktuba cavab vermək kimi baxmır. Onlar bizə daim təklif və rəylərini bildirirlər. Biz də 3 ilin tamamında vətəndaşların daha rahat müraciət və təklif bildirməsi üçün saytın yeni versiyasını təqdim etdik. Sayt artıq 3 dildə - azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir.



- Bu 3 il ərzində neçə uşağın “ASAN məktub”una cavab vermisiz?
- 2604 “ASAN məktub” almışıq. Onlardan 2563-ü reallaşıb. Zənnimcə ilin sonuna kimi bu say 3 mini keçəcək. Amma bu rəqəmlər anbaan dəyişir. Məsələn müsahibənin sonunda artıq bu rəqəm 2630 ola bilər.

- Sizcə bu layihə bir müddətlikdir, yoxsa daimi davam edəcək?
- Nəyinsə sonuna yaxınlaşmaq üçün onun tükəndiyini hiss etmək lazımdır. Amma biz hiss edirik ki, daha çox çalışaraq davam etməliyik. Çünki həm uşaqların müraciətləri, həm də arzuları gerçəkləşdirmək istəyən valideynlərin müraciətləri çoxalır.




- Nə vaxtsa bu layihəni başqa ölkələrə daşımağı düşünmüsünüz?
- Əsas məqsədimiz ilk növbədə ölkəmizin uşaqlarını sevindirməkdir. Daha sonra başqa ölkələr haqqında düşünə bilərik. Amma bizə İsraildən, Türkiyədən, Almaniyadan, Rusiyadan hədiyyə göndərənlər olub. Bunları orada yaşayan həmyerlilərimiz göndərmişdilər. 100-dən çox ölkədən “ASAN Məktub” saytına baxış var. Bu bizim üçün böyük uğurdur. Elə buna görə saytın rus və ingilis dili versiyasını yaratdıq ki, xaricdən sayta daxil olan əcnəbilər də layihənin məqsədini başa düşsün.


Foto "ASAN Məktub"a məxsusdur

- Bir xanım kimi bu qədər işin öhdəsindən gəlmək çətin deyil?
- Xanımlar güclü olur. Məncə bir insan yüzlərlə insanın həyatına təsir edə bilirsə, o işi görməməklə yüzlərlə yaxşı işi itirir. Mən bu işdə tək deyiləm. Komandamın əziyyəti böyükdür. Düzdür, bəzən yoruluram. Çünki burada “ASAN Məktub”dan başqa da işlərim var. Amma bu işi sevirəm. Az işləsəm, daha az uşağın arzusu gerçəkləşəcək. Məqsədimə inandığım üçün bu işlə bağlı bütün çətinliklərdən keçməyə hazıram.



- Dövlətdən daha çox hansı dəstəyə ehtiyacınız var?
- Dövlət qurumları, eləcə də özəl şirkətlər onsuz da bizə dəstək göstərirlər. Hətta bəziləri adları açıqlanmadan bizə kömək edir. Düzdür, layihə yeni yarananda bu dəstəyə ehtiyac duyurduq. Özümüz qurumlara gedib təklıif edirdik ki, bizim belə bir layihəmiz var. Dəstək olmaq istəsəz, buyurun. Bu yolla layihəmizi tanıtmaq istəyirdik. Amma indi bu proses sıfıra enib. Artıq qurumlar özləri bizə dəstək olmaq üçün müraciət edir.


Foto "ASAN Məktub"a məxsusdur

- Hansı qurumla əməkdaşlıq çətindir?
- “ASAN Məktub”a hamı o qədər ürəklə yanaşır ki, bizə çətinlik yaşadan olmur. Kimlə əməkdaşlıq ediriksə, canla başla bizə kömək edir. Hətta bəzən lazım olandan da artıq hədiyyələr göndərirlər ki, gedəcəyimiz kəndlərdə əlavə uşaqlar olarsa, onlara da hədiyyə verə bilək.



- Hansı hədiyyələri qəbul etmirsiz?
- Köhnə əşyaları, qırılmış, əzilmiş hədiyyələri. Bundan başqa qida məhsullarını, dərman və nəğd pulu qəbul etmirik.

- Sonda əlavə etmək istədiyiniz nəsə varmı?
- Vətəndaşlara çox sağ olun deyirəm. Elə insanlar var ki, hər ay mütəmadi olaraq saytımızdan məktub götürür. Bəzən ölkə xaricində yaşayan tələbələr pul yığıb hədiyyə alıb “ASAN Məktub”a göndərirlər. Bu layihə çərçivəsində o qədər böyük ürəkli insanlar görürük ki, mən hər bir uşağın adından o insanlara təşəkkür edirəm.



Amin Nəzərli
Fotolar: Şahin Sərdarov

Femida.az

Açar sözlər: #femida   #müsahibə   #ASAN   #ASAN_xidmət   #ASAN_məktub   #layihə   #uşaq   #Rəbiyyə_Cəfərova  

Oxunub: 2813