Prezident seçkilərinin vaxtı ilə bağlı ziddiyət aradan qaldırıldı


14:23     30 Noyabr 2018 big_1419494660_secki.jpg


Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılıb.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezidentseçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.

Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 386