Azərbaycanda dövlətdan yardım alan 620 min əlil var


13:13     03 Dekabr 2018 18_12_03_1543828417.jpg


3 Dekabr-Beynəlxalq Əlilliyi olan şəxslər günüdür.

Femida.az xəbər verir ki, BMT Baş Məclisi tərəfindən 3 Dekabr-Beynəlxalq Əlilliyi olan şəxslər gününün təsis olunması fiziki məhdudiyyətli insanlara cəmiyyətin diqqətinin və onların ictimai həyatda fəal iştirakına şərait yaradılması üçün səylərin artırılmasıdır. Azərbaycan da əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu və ildən-ilə gücləndiyi ölkələrdən biridir.

Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs var ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.

Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır. İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Evlərində sosial xidmətlə təmin edilənlərin 2,3 minə qədəri əlilliyi olan şəxslərdir. Aparılan işlərin davamı kimi, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.

Bu gün nazirliyin 14 bərpa-müalicə müəssisəsi vardır ki, onlarda hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir. Dövlət başçısının göstərişi ilə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər hazırda davam etdirilir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir.

Nazirlik tərəfindən bu ilin 11 ayında 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi, o cümlədən 1200-ə yaxın əlil arabası verilib. Bakıya gələ bilməyənlərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilir.

Femida.az

Açar sözlər: #əlil   #sosial   #ƏƏSMN   #yardım   #pensiya  

Oxunub: 1032