“6 mln nəfər ASAN Xidmətə müraciət edib” - Fikrət Məmmədov


16:22     15 Oktyabr 2015 edliye_141015_copy%20(1).jpg


1.5 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, iclasda struktur qurumların rəhbərləri iştirakı edib və nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib ki, ölkə prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş, o cümlədən ədliyyənin müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və beynəlxalq aləmdə hədsiz maraq doğurur. Ötən dövr ərzində 6 milyon insanın faydalandığı bu xidmət çərçivəsində 1.5 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib.

Nazir F.Məmmədov dövlət başçısının Nazirlər Kabinetinin iclasında maliyyə intizamının gücləndirilməsi, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə edilməsi, korrupsiya ilə mübarizənin daha da gücləndirilməsi, bu sahədə ictimai nəzarətin genişləndirilməsi, eləcə də ölkədə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması və sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, yoxlamaların tənzimləmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması barədə qəti tapşırıqlarını diqqətə çatdıraraq ədliyyə orqanlarının qarşısında duran vəzifələrin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasını tapşırıb.

İclasda sahibkarların hüquqlarının müdafiəsi, yoxlamaların azaldılması və bu sahədə əlavə təsirli mexanizmlərin müəyyən edilməsi, lisenziyaların sayının aşağı salınması və prosedurların daha da sadələşdirilməsi, məsuliyyət tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması, maarifləndirilmə tədbirlərinin və metodiki köməkliyin göstərilməsi işinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir.

Bununla əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.


Açar sözlər:

Oxunub: 816