Hüseyn Cavidin anım günüdür


11:16     05 Dekabr 2018 huseyn-cavid.jpg

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anım tarixidir.


Femida.az-ın məlumatına görə, Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb.

1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

H.Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxıb.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) əsərləri Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. Onun ölməz sənəti dünya romantizminin üzvi tərkib hissəsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 485