Məzahir Pənahov Sekuta ilə görüşüb


21:42     15 Oktyabr 2015 sekutamsk.jpg

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.


MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, qonağı salamlayan MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əlaqələrindən danışıb və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynadığını vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən ABŞ səfiri Robert Sekuta seçkilərin ölkə üçün əhəmiyyətini qeyd edərək, Azərbaycan Respublikasının Milli Məclisinə cari ildə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. Səfir həmçinin, köçkün seçicilərin səsverməsi ilə də maraqlanıb və bu qəbildən olan seçicilərin səsverməsinin təşkili sahəsində MSK tərəfindən görülmüş işlərin əhəmiyyətini vurğulayıb.

Qonağın suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı gerçəkləşdirilmiş genişmiqyaslı tədbirlər, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 983