Azərbaycan Pakistandan JF-17-lərin hansı modelini alacaq?


20:55     09 Dekabr 2018 2018/12/image-13898387313_1544371858.jpg

Daha öncə məlumat verdiyimiz kimi, 2018-ci ilin noyabrın 27-dən 30-na qədər Pakistanın Kəraçi şəhərində “İDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi keçirildi. Sərgidə təşkilatçı dövlətdən başqa ABŞ, Çin, Rusiya, Tükiyə, Çin, Polşa, İtaliya, Fransa, ABŞ, Ukrayna və s. dövlətlərin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətləri öz məhsullarını təqdim etdilər.

Bir çox ölkələr sərgidə müdafiə və sənaye nazirləri, qoşun komandanları, Baş Qərargah rəsiləri səviyyəsində təmsil olundular. Azərbaycanın sərgidə Hərbi Hava Qüvvələri komandanı səviyyəsində təmsil olunması, ölkənin daha öncədən alınmasını planlaşdırdığı aviasiya vasitələrinə marağı ilə izah olunurdu.

Bu gün heç kimə sirr deyil ki, Azərbaycan ordusu bütün silah sistemləri üzrə modernləşdirmə tədbirlərini kifayət qədər geniş həcmdə və qısa müddətdə başa çatdırsa da, aviasiya vasitələri sahəsində müəyyən ləngimələrə malikdir. Silahlanmada istifadə edilən MiQ və “Su” təyyarələri artıq resurslarını başa vurmağa hazırlaşır ki, onların əvəz edilməsi qaçılmazdır.

Bu baxımdan, yeni qırıcıların alınması üçün Pakistanın seçilməsi heç də təsadüfi deyil. Azərbaycan və Pakistan müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığı uzun müddətdir davam etdirir və ölkələrin nümayəndələri, o cümlədən yüksək rütbəli hərbçiləri arasında imzalanan çoxsaylı müqavilələr də buna sübutdur. Pakistan Azərbaycana hərbi-texniki dəstək də göstərir. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq düşmənlərimizə Azərbaycan və Pakistanın gələcəkdə baş verəcək istənilən münaqişədə bir-birini dəstəkləyəcəyini xatırladır. Azərbaycana bütün sahələrdə, xüsusilə Dağlıq Qarabağ məsələsində ciddi dəstək nümayiş etdirən Pakistanla aviasiya sahəsində əməkdaşlıq, ölkə əhalisinin bütün təbəqələri tərəfindən müsbət qarşılandı.


Məlum olduğu kimi, Azərbaycanın əldə edəcəyi JF-17 “Thunder” qırıcıları yüngül, tək mühərrikli, stels texnologiyalı, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı döyüş təyyarəsidir. Qırıcı ilk növbədə Pakistan Hərbi Hava Qüvvələrinin təlabatını ödəmək üçün “Pakistan Aviasiya Kompleksi” (PAC) və Çin şirkəti olan “Çenqdu Aviasiya Sənaye Korporasiyası” (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb.

Təyyarə proqramı ilk dövrlərdə Pakistanda “Super 7” kimi təqdim edilsə də, sonradan JF-17 “Thunder” adı ilə tanınmağa başladı. Təyyarənin adındakı JF abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. 17 rəqəmi isə bənzədiyi F-16-dan daha yüksək göstəricilərə malik olduğunu vurğulamaq məqsədi daşıya bilər.

2011-ci ildən Pakistan ordusuna daxil edildikdən sonra 19000 saat əməliyyat uçuşu yerinə yetirən JF-17 “Thunder”, Pakistanın şimal-qərbində terrorçuların mövqelərinin bombalanması əməliyyatlarında aktiv iştirak edir. Bu əməliyyatlarda həm idarə olunmayan, həm də idarə olunan aviasiya bombalarından istifadə olunur. 2016-cı il hesablamalarına görə, Pakistan hər il 25 ədəd JF-17 “Thunder Blok 2” istehsal edir. Hazırda yeni “Blok 3” modelinin istehsalı ilə əlqadar ümumi istehsal həcmi təxminən iki dəfə artıb. Artıq 2017-ci ilin ilk yarısına qədər 50-dən çox JF-17 “Thunder Block 3” variantında döyüş təyyarəsi Pakistan HHQ-yə təhvil verilib. Bundan əlavə Türkiyənin ASELSAN şirkəti Pakistana 25 milyon dollarlıq “Aselpod” nişangah kompleksləri satıb. Bütün bunlar 4+ və 5-ci sinif qırıcılarda istifadə olunacaq avadanlıqlara aiddir.

Hələ 2016-ci ildə Pakistan prezidenti Məmnun Hüseyn Ravalpindidə Pakistanın Ticarət-sənaye palatasının nümayəndə heyəti ilə görüşündə, 2015-ci ilin sonunda Bakıya etdiyi səfərin yekunları ilə bağlı çıxış edərkən Azərbaycanın modernləşdirilən JF-17 qırıcılarına maraq göstərməsinin ilk anonsunu vermişdi: “Azərbaycan və Nigeriya Pakistan hərbi sənayesinin məhsullarına, o cümlədən modernləşdirilən JF-17 qırıcılarını almağa maraq göstərir”.


Bir müddət sonra Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan kommodoru, Pakistan Hərbi Hava Qüvvələrinin keçmiş idarə rəisi, pakistanlı hərbi ekspert Kayzer Tufayl xüsusi olaraq Ordu.az üçün verdiyi müsahibədə müqavilənin bəzi detalları barədə məlumat verdi. Sonradan həm Azərbaycan, həm də Pakistan KİV-lərində davamlı olaraq JF-17 “Thunder” qırıcıları və “Super Mushshak” döyüş-təlim təyyarələrinin alınması ilə bağlı danışıqların aparılması, niyyət protokollarının və digər normativ sənədlərin imzalanması barədə məlumatlar dərc edildi.

JF-17 “Thunder” qırıcı-bombardmançı təyyarələri Pakistan-Çin birgə istehsalıdır. Təyyarənin Çin versiyası FC-1 “Xiaolong” adlanır. Bu təyyarələri 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində Çinin “Chengdu Aircraft Corporation” şirkəti Pakistanın maliyyə dəstəyi ilə 50/50 faiz nisbətində istehsal edirdi. Sonradan istehsal Pakistana köçürüldü. Bu qırıcı bütün müasir tələblərə cavab verir və müasir, güclü ordunun əsasını formalaşdırmağa qadirdir. Bu qırıcı Pakisan Silahlı Qüvvələrinin 5 qırıcı eskadrilyasının silahlanmasına qəbul edilib. O, köhnə F-7 və “Mirage III/S” qırıcılarını əvəz edib. İlk sınaq uçuşlarına 2003-cü ildə başlayıb.

Bakıda keçirilən “ADEX-2016” sərgisindən öncə Azərbaycan və Pakistan arasında JF-17 (“Block” əlavəsi o zaman məhdud dairələrdə məlum idi) qırıcı-bombardmançılarının təchizatı üzrə müqavilə imzalanacağı gözlənilirdi. Bu məlumat daha sonralar “Pakistan Aeronautical Complex” (PAC- Pakistan Aeronaviqasiya Kompleksi) şirkətinin nümayəndəsi tərəfindən də təsdiqləndi.

Dekabrın 6-da isə Pakistanın “Qlobal Village Space” nəşri İran, Misir və Malayziya Hərbi Hava Qüvvələrinin JF-17 “Blok 3” modellərinə maraq göstərdiyi barədə məlumat yayıb. .


Bir çox mütəxəssislər isə, həmçinin Pakistanın “Pakistan Defence” veb saytı dekabrın 6-da saat 19:46-da Azərbaycanın PAC-dan JF-17 “Blok 2” qırıcılarını alması ilə əlaqədar məlumat yerləşdirilib. Lakin bəzi mənbələr, elə mən özüm də “Blok 2” əvəzinə Azərbaycanın “Blok 3” modelinə üstünlük verəcəyini düşünürəm. Əgər rəsmi Bakının “Blok 2” əldə etmək niyyəti olsaydı, bunu 2-3 il qabaq gerçəkləşdirərdi. Çünki ən azından bu ehtiyac həmin illərdə də mövcüd idi, digər tərəfdən ölkənin maliyyə imkanları azı iki dəfə daha yüksək idi. Bu qədər gözləmək üçün bir səbəb (“Polonez”lərin alınmasında da eyni vəziyyətlə qarşılaşdıq) olmalı idi. Bu qırıcıların hər iki modeli Azərbaycana havada üstünlüyü saxlamağa imkan verəcək. Bir il öncə “Blok 2” modelinə aid məlumat vermişik, bu yazımızda isə “Blok 3” qırıcılarının texniki uçuş xüsusiyyətlərini araşdırmağa cəhd edəcəyik.

İstənilən halda “Pakistan Aeronautical Complex” (PAC- Pakistan Aeronaviqasiya Kompleksi) şirkətinin JF-17 “Thunder” ailəsinin “Blok 2” və ya “Blok 3“ qırıcılarının gələn ilin əvvəlindən Azərbaycan səmasında təhlükəsizliyi təmin edəcəyi şübhəsizdir. “Pakistan Defence”in yaydığı məlumata görə, alınacaq qırıcı sayı 24 ədəd olacaq ki, bu ehtimalın da həyata keçirilməsini yüksək dəyərləndirirəm. Çünki “Blok 2” variantında müqavilə dəyərinin 500 milyon dollar, “Blok 3” variantında isə 650 milyon dollar təşkil edəcəyi gözlənilir.

Bu qırıcıların əldə olunmasına aid müqavilənin imzalanmasından əvvəl Azərbaycan eyni şirkətin istehsal etdiyi “Super Mushshak” döyüş-təlim təyyarələrinin ilk partiyasını da əldə edib. Əlavə edim ki, son zamanlar Türkiyə HHQ-si də Pakistanın aviasiya vasitələrinə üstünlük verərək 50-dən çox təyyarə sifariş verib.


Qeyd edim ki, sözügedən “Blok 3” qırıcının ən müasir versiyasıdır və bu gün bir çox dünya ölkələri, Azərbaycan da daxil olmaqla ona yüksək maraq göstərir. Təbii ki, bu maraq əsassız deyil. Model yeni olduğuna görə qırıcıların bütün uçuş xüsusiyyətləri barədə məlumat əldə etmək mümkün deyil, lakin yenə də bəzi göstəriciləri əldə edib, onların üzərində qura bildiyimiz ehtimalları Sizinlə bölüşmək istəyirik.

JF-17 qırıcılarının korpusunun hazırlanmasında əsasən alüminium ərintilərindən hazırlanan yarım-monokok materialdan istifadə edilib. Yüksək sərtliyə malik polad və titan ərintilər isə bəzi vacib sahələrdə qismən tətbiq edilib. Qırıcıda stels texnologiyadan istifadə tətbiq edilib. O, 4000 uçuş saatına və ya 25 ilədək xidmət müddəti üçün nəzərdə tutulur. İlk əsaslı təmir 1200 uçuş saatından sonra həyata keçirilir.

Şüşə pilot kabini parlaq bir akril qübbə ilə örtülür ki, bu da pilotun təhlükəsizliyini təmin edir. Kabində 3 ədəd böyük çoxfunksiyalı rəngli ekran (MFD) və ağıllı dəbilqə ekranı (Intelligent Display Heads-Up-HUD) mövcuddur. Pilot “Martin-Baker Mk-16LE” kreslosundan istifadə edir.

“AFAR” radar sistemi ilə təchiz olunan təyyarə 170 km məsafədə 15 hədəfi eyni zamanda izləyə bilir. 100 km qədər məsafədə isə 4 hədəfə eyni zamanda hücum edə bilir.

Qırıcıların hər il daha yeni sistemlərlə təchiz edildiyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın əldə edəcəyi “Blok 3” versiyasında göstəricilər daha da yüksək olacaq.


JF-17 “Block 3” qırıcılarında dəbilqədə quraşdırılan ekran və müşahidə sistemi (HMD/S), daha inkişaf etmiş avionika, yeni REM vasitələri və stels texnologiya tətbiq olunub. AESA radar, yeni mühərrik, iki oturacaqlı pilot kabinəsi kimi bir çox yeni funksiyalara malikdir. Sürəti 2 Max-dan yüksək yüksək olan qırıcı 3630 kiloqrama qədər faydalı döyüş yükü - sursat, avadanlıq və yanacaq daşıya bilir. Döyüş sursatlarının daşındığı asqılardan ikisi qanadların uçlarında, dördü qanadların altında, biri isə gövdənin altında yerləşir. Konstruksiyasında radiodalğaları udan stels örtük materiallarından istifadə olunur. Stels konteynerlərin tətbiqi də mümkündür. F-35-də tətbiq olunan “soyuq füzelyaj” yeniliyi bu qırıcılarda da istifadə olunur. Böyük dərəcəli bucaq altında qırıcı rəqiblərinə nisbətən daha yüksək sürət nümayiş etdirir.

Pilot elektron uçuş idarəetmə sistemi (EFIS) və 25 dərəcə görünüş sahəsinə malik holoqrafik ekranlı displeylə (HUD) təchiz edilir. EFIS əsas uçuş məlumatlarını, taktiki məlumatları, mühərrik, yanacaq, elektrik, hidravlika, uçuşa və ətraf mühitə nəzarət sistemlərinin məlumatlarını üç rəngli çoxfunksiyalı displeydə nümayiş etdirir. HUD və digər sistemlər açıq arxitekturaya malikdir, onlar proqramlarının dəyişdirilməsi ilə istənilən avadanlıqlar haqqında məlumatları göstərə bilərlər.

JF-17 geniş istifadə imkanlarına malikdir. “Block 3” konfiqurasiyasının mühüm xüsusiyyəti onda “Active Electronically Scaned Array” (AESA) radar sisteminin quraşdırılmasıdır. Bu isə onu rəqibin hava hücumundan müdafiə sistemləri üçün praktiki olaraq əlçatmaz edir. AESA radarına əlavə olaraq, təyyarənin bu versiyası dəbilqədə quraşdırılan displey və nişangahla (MHD/S) təchiz edilib, bu isə təyyarənin idarəetməsi və hava döyüşünün aparılmasını xeyli asanlaşdırır. Təyyarənin quyruğunda yerləşdirilən REM kompleksi sayəsində düşmən radarlarının təyyarəni gürüntüləməsinə maneələr törədir, eyni zamanda yaxınlaşan raketlərin istiqamətini və mümkün zərbə zamanını hesablayaraq pilotu xəbərdar edir. Pilot raketi dəbilqədəki displeydən izləyir və mümkün əks tədbirləri (tələlər, saxta fişənglərin buraxılması, mühərrikin söndürülməsi və ya manevr edərək yayınma) həyata keçirir.

Avionikasında təkmilləşdirilən KLJ-7 V2 radiolokasiya stansiyasından, ASELSAN istehsalı “Aselpod EO/IR” elektro-optik kəşfiyyat, idarəetmə və tuşlama sistemindən, həmçinin KG300G radioelektron mübarizə sistemindən istifadə edilir.


JF-17 ailəsinin ən üstün cəhəti isə universal MIL-STD-1670 silah idarəetmə sisteminə malik olmasıdır. Qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatların istifadəsinə imkan verir. Qırıcılar Çinin PL-9C, SD-10 və NATO-nun “R-Darter”, “A-Darter”, IRIS-T, AIM-9L/M “Sidewinder”, AIM-7F “Sparrow” tipli “hava-hava” tipli raketlərindən istifadə edir. Hava-yer raketləri qismində isə Çinin FT (Fei Teng) ailəsinin GPS və LT (Lei Ting) ailəsinin lazer başlıqlı raketlərini, TL-10, TL-6, C-704, C-801/802 gəmi əleyhinə raketlərini və Qərbin DPGM, “Raptor-I” (60km), “Raptor II” (120km), “Exocet”, “Harpoon” raketlərini istifadə edir. Rusiya istehsalı olan raketlərin tətbiqi Çin istehsalı olan raketlərin tətbiqindən fərqlənmədiyi üçün onları sadalamağa ehtiyac yoxdur. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarəolunan raketlər, infraqırmızı başlıqlı yaxın mənzilli raketlər, hava-yer tipli raketlər, hava-hava tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılan kaset bombaları, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil ola bilər. Qısaca olaraq, silahlanmada mövcud olan bir çox raket modellərinin bu qırıcılar vasitəsilə aidiyyəti üzrə ünvana zəmanətlə çatdırılması mümkündür.

Qırıcı sadalanan raketlərlə yanaşı sərbəst enən bombalar və 23 mm çaplı aviasiya topları ilə də təchiz oluna bilər. Havada yanacaq doldurma sisteminin tətbiqi təyyarənin döyüş radiusunu 1600 km-dən 2300 km-ə qədər artırıb.

JF-17 “Thunder Block B” iki oturacaqlı təlim döyüş variantının da Azərbaycan tərəfindən alına biləcəyi istisna deyil. Bu təyyarələr JF-17 “Thunder Block 2” variantından sadəcə təlimatçı üçün əlavə oturacaqla təchiz olunması ilə fərqlənir. Döyüş qabiliyyəti və manevr imkanları döyüş təyyarəsində olduğu kimidir.


Qiymət diapazonu isə “Blok 3” versiyasını daha çəlbedici edir. Rusiyanın “MiQ 29” qırıcıları 35 mln, F-16-lar 50 mln, F-18 “Super Hornet” 70 mln dollara təklif edildiyi halda, JF-17 “Blok 3” versiyası 30 mln dollardan baha deyil. Əvvəlki versiyalarını isə 23 milyon dollara da əldə etmək mümkündür. Əslində bir çox mütəxəssislər JF-17 ilə F-16 platformalarının eyni görünüşə malik olmasını və eyni vəzifələri yerinə yetirməsini, Çin və Pakistan mühəndislərinin ABŞ platformasının konsepsiyasından bəhrələndikləri ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, hər iki qırıcıda uçan pilotlar, bu platformalar arasında real və ciddi bir fərqin olmadığını bildirirlər. JF-17 qırıcısı da, F -16 kimi əsasən hava məkanını qorumaq və səmada üstünlüyü əldə saxlamaq üçün yaradılıb. Qabarit ölçüləri eyni olsa da, mühərikin hava axınını təmin edən yan “hava toplayan” borularının konstruksiyası fərqlidir.

JF qırıcılarının “Blok 1”, “Blok 2” və “Blok 3” versiyalarının inkişafı isə F-18 qırıcılarının inkişaf proqramına daha çox bənzəyir. Burada nisbətən böyük ölçülər, daha çox silah və REM vasitələri daşımaq, yaxud da daha uzun müddət havada qalmaq üçün əlavə yanacaq ehtiyatına sahib olmaq üçün istifadə edilə bilər.

Əslində Azərbaycanın əldə edəcəyi "Blok 3" versiyası F-16 və F-18 qırıcılarının müsbət xüsusiyyətlərini özündə birləşdirən unikal bir platformadır. Tam əminliklə deyə bilərik ki, hazırda aviasiya sahəsində JF tipli qırıcıların peyda olması, digər platformalarla aralarında olan “keyfiyyət uçurumunu” ləğv edir, bu isə bazarda hegemonluq edən azsaylı nəhəng şirkətlərin qiymətləri aşağı salmasına və zəmanətli servis xidmətinin müddətinin artırılmasına səbəb olacaq.


Təbii ki, əvvəlki JF-17 qırıcıları F-18 qədər bomba daşımaq qabiliyyətinə malik deyildi, lakin “Blok 3” versiyası bu çatışmazlığı qismən aradan qaldırıb. Bir ədəd F-18 əvəzinə 3 ədəd "Blok 3" təklifi isə iddia edilən cüzi fərqləri nəzərə almamaq üçün əsas bəhanə kimi istifadə edilə bilər.

JF-17 “Thunder” müxtəlif tipli hava-hava, hava-yer raketlərindən istifadə etməklə, öz döyüş imkanlarına və bir çox uçuş xüsusiyyətlərinə görə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan təyyarələrlə müqayisədə daha çox üstünlüyə malikdir. Məsələn, analoqu hesab olunan MiQ-29, eyni zamanda 10 hədəfi 50-70 km məsafədən izləyir və 1-2 hədəfə eyni zamanda zərbə endirə bilir. Cəmi 2 ton faydalı yük götürərək raketlərlə maksimum 60 km məsafədə olan hədəflərə zərbə endirə bilir. JF -17 “Thunder” isə 3 ton yüklə 100 km məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir. Yanacaq sərfiyyatı isə MiQ-lərdə həddindən artıq çoxdur. Bir az keçmişə nəzər salsaq, 10-a yaxın dövlətin Sovet dönəmində icad edilən, Rusiya tərəfindən satılan təyyarələrin alınması barədə müqavilələri ləğv edib, Çin və Pakistan təyyarələrinə üstünlük vermələrinin şahidi olarıq. Əlbəttə, 35-40 milyon dollara qəza sayına görə liderlərdən sayılan, 30-40 illik MiQ-29 almaqdansa, 15-23 və ya 30 milyon dollara yüksək götəricilərə və daha yüksək sinifə malik yeni JF-17 “Thunder” almaq daha məqsədəuyğundur.

Gələcəkdə daha üstün 5-ci nəslə aid JF-18 və “Blok 4” versiyalarının peyda olacağı istisna edilmir, çünki bunun üçün Pakistanda bütün texnoloji resurslar mövcuddur, Çində isə artıq istehsal prosesi gedir. Türkiyənin ASELSAN şirkətinin Pakistana 5-ci nəsil qırıcılarda tətbiq ediləcək “Aselpod” nişangah komplekslərini satması da bu iddiaları sübut edən faktorlardandır.


Nəticədə qeyd edək ki, Azərbaycanın aviasiya sahəsində Pakistan kimi azsaylı müttəfiqlərlə əməkdaşlıq etməsi ən doğru seçimdir. ABŞ, Avropa və Rusiyadan silah asılılığını azaltmaq üçün müttəfiq ölkələrlə yaxından əməkdaşlıq etmək, ölkəmizin və müttəfiqlərimizin maraqlarına tam uyğundur.

Beləliklə, JF-17 “Blok 3” qırıcılarının əldə edilməsi Azərbaycana aşağıdakı dividentləri qazandıracaq:

1. Azərbaycan Hərbi Hava Qüvvələri havada üstünlüyü əminliklə təmin edə biləcək müasir stels texnologiyalı qırıcı parkına sahib olacaq;
2. Düşmənin HHM sistemlərinə kifayət qədər ciddi problemlər yaradılacaq;
3. Kifayət qədər münasib qiymətə müasir aviasiya vasitələri əldə ediləcək;
4. Müddəti bitən qırıcıların satılması və ya utilizasiyası, qəza və ya məhvedilmə risklərini azaldacaq;
5. F-35-də tətbiq olunan "soyuq füzelyaj" yeniliyi HHQ-nin döyüşdə daha uzun müddət qala bilən qırıcılara malik olmasına səbəb olacaq;
6. Geniş çeşiddə raketlərdən istifadə qırıcıların həm quruda, həm də dəniz akvatoriyasında tətbiqinə imkan verəcək;
7. HHQ daha uzun müddət təmirsiz istismar edilən qırıcılara malik olacaq;
8. Eyni zamanda çox sayda düşmən hədəfləri daha uzaq məsafələrdən aşkarlanaraq raket və ya bomba zərbələrinə məruz qalacaq;
9. Eyni platformadan müxtəlif məqsədlər üçün istifadə pilotların peşəkar səviyyəsinin yüksəlməsinə səbəb olacaq.
10. Pakistanla bu sahədə sıx əməkdaşlıq hər iki tərəfin həm iqtisadi, həm siyasi, həm də hərbi maraqlarına tam uyğun olacaq.

Açar sözlər:

Oxunub: 1258