“Agtech and Green Energy” forumunun açılış mərasimi keçirildi - Fotolar

“Agtech and Green Energy” forumunun açılış mərasimi keçirildi - Fotolar


17:40     10 Dekabr 2018 2018/12/1544446167__eg01742_1544449228.jpg

ADA Universitetində “Agtech and Green Energy” beynəlxalq forumu keçirilir. ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forum “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında baş tutub.

Femida.az xəbər verir ki, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev tədbirə 16 ölkədən 41 mütəxəssisin qatıldığını bildirib. O qeyd edib ki, aqrar texnologiyaların inkişafı zamanın tələbidir və Azərbaycan bu texnologiyaları inkişaf etdirməklə bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həllinə öz töhfəsini vermiş olur: “Hazırda yaşıl enerji və bu sahənin inkişafı üçün texnologiyalar dünyada geniş yayılıb. ADA Universiteti də bu sahəni diqqətdə saxlayır. Universitetin mövcud kampusu yaşıl və smart texnologiyası əsasında qurulub. Ümumilikdə, 50 faiz enerji bu mənbələrdən, xüsusilə geotermal enerji mənbələrindən əldə edilir. Hazırda ADA Universitetində yeni binalar da inşa olunur. Bütün bu texnologiyaların tətbiqi burada təhsil alan tələbələrin təcrübə və biliklərinin artırılmasına öz təsirini göstərir".

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, bu gün dünyada əhalinin ərzaq məhsulları ilə təmin edilməsi ən önəmli məsələlərdən birinə çevrilib. Demoqrafik və ekoloji faktorlar insanların keyfiyyətli qida ilə təmin olunmasını getdikcə çətinləşdirir. FAO-nun son proqnozlarına görə, 2050-ci ildə dünyada əhalinin sayı təxminən 9,3 milyard nəfərə çatacaq. Bu o deməkdir ki, 30 il sonra əhalinin qidaya tələbatını ödəmək üçün ümumi ərzaq istehsalı 70 faiz artırılmalıdır.

Nazir əlavə edib ki, aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Cənab Prezident ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirmişdir. Bu tapşırıqlar mövcud resurslardan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, ətraf mühitin qorunmasını təmin etməkdən ibarətdir. Dövlətin göstərdiyi diqqət nəticəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələrin əldə olunduğunu deyən nazir Azərbaycanda əhalinin ərzaqla özünü təminetmə səviyyəsinin yüksəldiyini bildirib. Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq:

“Çünki innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, İnnovasiyaların tətbiqi nəticəsində istehsalat xərcləri 20-30% azalır ki, bu da istehsal olunan məhsulun maya dəyərinin 50%-dək ucuzlaşması deməkdir”.

İnam Kərimov forumun keçirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Ictimai Birliyinin rəhbəri Leyla xanım Əliyevaya, ADA Universitetinin rəhbərliyinə, beynəlxalq təşkilatlara, xarici və yerli tərəfdaşlara təşəkkür edib: “Bu tədbir eyni zamanda təcrübə mübadiləsi aparmaq üçün yeni platforma rolunu oynayır. Hesab edirik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək”.

Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib ki, ölkəsi aqrar sahədə tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır:

“Bu istiqamətdə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək. Türkiyə kənd təsərrüfatının inkişaf etmiş sahələrində tətbiq etdiyi üsulları, texnoloji yenilikləri Azərbaycanla bölüşməyə hazırdır”.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib ki, aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində xüsusi rol oynayır:

“Aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir. Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür. Bu sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib. Çünki o dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində və yoxsulluğun azaldılmasında xüsusi rol oynayır. Bugünkü forum da aqrar innovasiyaların tətbiqi ilə bağlı məsələlərin səmərəli müzakirəsinə və təcrübə mübadiləsinə öz töhfəsini verəcək".

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, Azərbaycanda 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi nəzərdə tutulur:

“Hazırda ölkənin ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizdir. Lakin Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür. Təxminən 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin ümumi enerji balansındakı payının artırılması və enerji səmərəliliyi istiqamətində kompleks tədbirlər həyata keçirilir".

Forumun açılış mərasimində çıxış edən digər natiqlər aqrar texnologiyalar və yaşıl enerjinin tətbiqinin iqtisadiyyata verəcəyi töhfə barədə fikirlərini bölüşüblər.
Forum işini davam etdirir.

Qeyd edək ki, “Agtech and Green Energy” beynəlxalq forumunun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Tədbirdə ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.

Femida.az

Açar sözlər: #forum   #kənd  

Oxunub: 392