Kaşoqi cinayətinin yeni detalları üzə çıxdı


22:20     10 Dekabr 2018 18_12_10_1544466037.jpg

Səudiyyəli jurnalist Camal Kaşoqinin qətlinə dair yeni detallar yayılıb.

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğundakı qətli planlı şəkildə həyata keçirilib.

Hadisə baş verən gün Səudiyyədən gələn 15 nəfərlik xüsusi cinayətkar qrup konsulluğun ətrafına kəşfiyyat xarakterli baxış keçiriblər. Daha sonra diplomatik korpusda çalışan 28 Türkiyə vətəndaşı iş vaxtı başa çatmadan məcburi şəkildə evə buraxılıb. Digər işçilərə isə binanın birinci mərtəbəsindəki otaqlarından bayıra çıxmamaq tapşırılıb.

Kaşoqi konsulluğa daxil olan kimi onu qabaqcadan hazırlanmış xüsusi otağa aparıblar. Qanlı cinayətə vəliəhd şahzadə Məhəmməd bin Salmanın yaxın adamı olan Əl-Tubeyk rəhbərlik edib.

Məlumata əsasən, Kaşoqi boğularaq öldürülüb. Onun öldüyünə əmin olduqdan sonra damarları kəsilib, bədənindəki qan qabağa yığılaraq kanalizasiyaya axıdılıb. Bundan sonra jurnalistin cəsədi elektrik mişarı ilə 9 hissəyə parçalanıb, meyitin qalıqları konsulluqdan çıxarılaraq yox edilib. Hətta iddia edilir ki, Kaşoqinin cəsədi izi itirmək üçün kimyəvi məhlulla məhv edilib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1057