27 il sirli qalan qətl - Kabinetində güllələnən icra başçısının HƏYAT HEKAYƏSİ +VİDEO


13:21     11 Dekabr 2018 2018/12/gozelovun-ailesi3_1544520280.jpg

İş başında vəzifə borcunu yerinə yetirərkən, sui-qəsd nəticəsində qətlə yetirilən Mikayıl Gözəlovun bu gün anım günüdür.


Femida.az düz 27 il əvvəl kabinetində qətlə yetirilən Gözəlov Mikayıl Qoca oğlunun ömür yolunu əks etdirən yazını təqdim edir:


Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurub. (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilib. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olub (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərib. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunub. (1989).



(Mikayıl Gözəlovun arxiv videosu)

Vilayətdə kök salmış bədnam “Krunk” təşkilatına, “Qarabağ” komitəsinə qarşı mərdliklə, çəkinmədən mübarizə aparmışdır. Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçilib. (1988) 360 saylı Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınmışdır (1990). Seçiləcəyi açıq-aşkar bəlli olsa da, seçki gününə bir gün qalmış, adı çəkilən dairədən seçkilərin keçirilməsi dayandırılmışdı. (Viktor Polyaniçkonun göstərişi ilə). Şuşada yeni su kəmərinin çəkilməsi, Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması, Şuşa-Xankəndi yolunun sağ tərəfində Xankəndindən qovulmuş azərbaycanlılar üçün Yeni Xankəndi qəsəbəsinin istifadəyə verilməsi onun adı ilə bağlı olmuşdu.

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib (07.11.1991). Şuşa şəhərinin və Dağlıq Qarabağ ərazisindəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərmiş, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirib. Dəfələrlə ona qarşı sui-qəsdlər təşkil edilməsinə, başına milyonlarla pul qoyulmasına baxmayaraq o qorxmamış gecə-gündüz çalışmış, vuruşmuş, mübarizə aparmış, daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan Respublikası Milli Ordusunun ilk rəsmi hərbi hisələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub. Şuşanın ermənilər yaşayan, quldur yuvasına çevrilmiş Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin düşməndən azad edilməsi əməliyyatına rəhbərlik etmişdir. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olmuşdur. Xalq arasında xüsusi hörmət və nüfuza malik idi.


Mühafizəsiz gəzən icra başçısının kabinetdə qətli...

Mikayıl Gözəlov vəzifə başında olarkən heç bir mühafizəçinin xidmətindən istifadə etməyib.İş başında vəzifə borcunu yerinə yetirərkən, sui-qəsd nəticəsində xəyanətkarcasına qətlə yetirilib. Mikayıl Gözəlovla eyni vaxtda Şuşada çalışan Elburus Rüstəmov illər sonra Femida.az -a müsahibəsində qətlin bəzi detallarına aydınlıq gətirib.







- İstərdim, Gözəlovun qətlindən danışaq. Siz həmin qətllə bağlı nə bilirsiniz?

- Həmin vaxt mən kolxoz sədri işləyirdim. Mikayıl müəllimin göstərişi ilə Gəncəyə su maşını gətirmək üçün getmişdim. Sürücü maşını götürüb geri qayıtdı. Mən də Yevlaxa, benzin götürmək üçün getdim. Orada eşitdim, camaat deyir ki, Şuşanın icra başçısını öldürüblər. Dedim: “A camaat, Şuşanın başçısı indi öldürülüb?” Mən elə bilirdim ki, onlar Şuşanın 21 gün əvvəl vertolyot qəzasında həlak olan icra başçısını deyirlər. Sonra dəqiqləşdirdim ki, öldürülən Mikayıl Gözəlovdur. Oradan başı dumanlı təcili Şuşaya gəldim. Gördüm ki, Gözəlovun meyitini Ağdama aparırlar. Dəfnə hazırlıq gedirdi.

Gözəlovu güllələyən adamın anası erməni idi...

- Kim idi Gözəlovu güllələyən?

- O Elburus adında təcili yardım maşının sürücüsü idi. Özü də Şuşada yaşayırdı. Deyilənə görə anası da erməni imiş. Girib Mikayıl müəllimin otağına. Aralarında nəsə söhbət olub. O söhbəti onun yanında olanlar bilir. Mən bilmirəm. Həmin ərəfədə gözlənilmədən silahı çıxarıb və deyib : “Al, gəldi.” Vurulan zaman Mikayıl müəllimin son sözü bu olub: “Onsuz da mən bir cana borcluydum, getdim. Amma siz pis günlərə qalacaqsınız.” Bu sözdən sonra canını tapşırıb. Hətta vurulan zaman Mikayıl müəllimin üzü təbəssümlü şəkildə qalmışdı. Bu da çox qəribə bir şeydir.






Gözəlovun qətlinin sifarişini verməkdə şübhəli bilinən adam Qurana əl basdı...

- Bir icra başçısını öldürmək sürücünün nəyinə lazım imiş?

- O bu günə kimi qaranlıq qalan məqamdır. Məhkəmə prosesində həmin adam bir kəlmə də danışmayıb. Bu günə qədər də ömürlük həbsdədir. Ancaq susur. Həmin ərəfədə hər kəs bir adamdan şübhələnirdi. Atası Qoca əmi el ağsaqqalı idi. Dedi ki, mən istəmirəm nahaq yerə qan tökülsün. Bizim bir düşmənimiz var. O da ermənidir. Atası Gözəlovu öldürən Elburusa sual verirdi ki, sənə kim verib bu sifarişi. Amma o cavab vermirdi. Ailəsinin şübhələndiyi adam Qurana əlini basdı ki, onun xəbəri yoxdur. İndi o adam dünyada yoxdur.

- İcra başçısını qətlə yetirmək necə oldu ki, belə asan başa gəldi? Onu mühafizə edənlər yox idimi?

- Çox gözəl bir mövzuya toxundunuz. Mikayıl müəllim şəxsi mühafizədən imtina etmişdi. Onu kabinetdə mühafizə edənlərdən də imtina etmişdi. Deyirdi ki, xalq mənim burada oturmağımı istəyirsə, burada oturacağam. Onun yaşadığı evdə belə mühafizə yox idi. Belə bir insan idi. Daima xalqın içərisində idi.



Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Mikayıl_Gözəlov   #femida  

Oxunub: 7531