Krediti ödəyə bilmədi, maaşı tamamilə tutuldu - Bank, yoxsa vətəndaş haqlıdır?

Krediti ödəyə bilmədi, maaşı tamamilə tutuldu - Bank, yoxsa vətəndaş haqlıdır?


09:30     13 Dekabr 2018 18_12_12_1544622665.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində daha bir vətəndaşın müraciətini cavablandırıb. Məmmədli Murad Cavanşir oğlunun iddiasını diqqətinizə çatdırırıq:

“Kapital Bank”a eyni anda 2 müxtəlif kredit ödənişi edirəm. 2017-ci ildə “Kapital Bank”dan kredit götürmüşəm. Daha sonra bankdan əlavə olaraq “BirKart” kredit kartı sifariş etdim. Bu da demək olar ki, kredit kimi bir şeydir. Aybaay ödəniş edirəm. Hər iki kreditin ödənişi aylıq 250 manat edir. Özüm də 250-300 manat arası maaş alıram. Ailəmizdə yaranan sosial duruma görə, son 2 aydır ki, ödənişi vaxtında edə bilmirəm. Qərara gəldim ki, Bankın müvafiq rəhbərliyi ilə danışım və kredit aylığının azaldılmasını xahiş edim. Bu barədə onlara bildirsəm də, bankdan yox cavabı aldım. Qeyd edim ki, çalışdığım iş yerinin də əmək haqqını Kapital Bank kartəı vasitəsi ilə alıram. Belə olan halda bank maaş hesaba oturan kimi avtomatik kredit ödənişlərini balansımdan çıxır. Xahiş edirəm, bu barədə mənə hüquqi yardım edəsiz”.

Məsələ ilə bağlı Femida.az-a açıqlamasına verən vəkil Tural Əliyevin sözlərinə görə, bəzi banklar adətən maaş və pensiya hesabları həmin banklarda olan şəxslərə kredit verirlər. Bu zaman kredit müqaviləsində belə bir müddəa da olur: Müştəri öhdəlikləri lazımınca və vaxtında icra etməzsə, yaranmış borc müştərinin həmin bankdakı maaş və ya pensiya hesabından akseptsiz silinmə ilə çıxılır. Bu da bir növ gələcəkdə ödənişdə yaranacaq problemləri sığortalamaq məqsədi ilə atılmış addımdır:

“İlk növbədə vətəndaşın müqaviləsinə baxmaq lazımdır. Əgər müqavilədə akseptsiz silinmə ilə bağlı normalar nəzərdə tutulubsa, müştəri bu kredit müqaviləsinə imza atıbsa, bu cür tutulma mümkündür. Akseptsiz silinmənin şərti nədir? Vətəndaş bunu qəbul etməklə bildirir ki, əgər gələcəkdə kredit ödənişimi vaxtımda icra etməzsəm, mənim həmin bankdakı depozitimdən, maaş və ya pensiya hesabımdan pul tutulmasına razılıq verirəm.

Mülki qanunvericilikdə müqavilə azadlığı prinsipi nəzərdə tutulub. Yəni tərəflər özləri qanuna zidd olmayan şərtləri müqaviləyə əlavə edə bilərlər. Akseptsiz silinmə mülki qanunvericilikdə olan bir hüquq institutudur. Müqavilədə nəzərdə tutulubsa, bankın burada heç bir qeyri-qanuni əməli görünmür”.


Vəkil bildirib ki, yalnız bank müştərini məhkəməyə verdiyi halda, məhkəmə qətnaməsi icra mərhələsinə keçdikdən sonra müştərinin əmək haqqının 50 faizinə qədər yönəldə bilərlər:

“Məsələ sırf bankın səlahiyyətində olan məsələdir. Əgər vətəndaş da akseptsiz silinməyə dair müqaviləyə imza atıbsa, artıq o deyə bilməz ki, mənim hər hansı hüququm pozulub və ya bankın fəaliyyəti qanunsuzdur. Məhkəmə müstəvisində heç bir perspektivi yoxdur.

Lakin yenə də bankın rəhbərliyinə və kredit komitəsinə ərizə ilə müraciət edə bilər. Əmlak durumunu sübutlarla təqdim etsin. Bu halda rəhbərlik onun durumunu nəzərə alıb kömək edə bilər. Lakin yenə də son qərar bankın səlahiyyətindədir”.

Femida.az vətəndaşın iddiası ilə bağlı “Kapital Bank”a sorğu ünvanlayıb. Bankın mətbuat katibi Pərviz Sədrəddinov sorğuya bu şəkildə cavab verib:

“Kapital Bank”la müştəri arasında bağlanan kredit müqaviləsinin müvafiq bəndinə uyğun olaraq, müştəri ödəmələrdə gecikmələrə yol verdiyi halda, onun aylıq gəlirlərindən aylıq kredit ödənişinin silinməsinə icazə verir. Bir sözlə, müştərinin gəlirləri ilə aylıq ödəyəcəyi məbləğ uyğun gəlirsə, bank müştərinin icazəsi ilə həmin aylıq ödənişi, məvacib kartından silə bilər. Bu şərti kredit müqaviləsində müştəri öz imzası ilə təsdiq edir”.



Vəkil Ayazbəy Əhmədov isə vətəndaşın mövcud vəziyyətdə iki variantı olduğunu bildirib:

“Kredit öhdəliklərini lazımınca icra etməyən borcluların borclarının əmək haqqı hesabından borclunun sərəncamı olmadan silinməsi kredit müqaviləsindən irəli gəlir. Buna akseptsiz silgi deyilir. Qanunun hərfi mənası baxımından burada pozuntu yoxdur. Lakin borclu ərizə ilə işəgötürənə müraciət edərək əmək haqqının başqa bankda olan hesabına köçürülməsini tələb edə bilər. Əmək məcəlləsində bu hüquq nəzərdə tutulub.

Digər bir variant isə məhkəməyə müraciət etməkdir. Belə ki, vətəndaş banka qarşı iddia qaldıra və tutulmanın 50 faizə endirilməsinə nail ola bilər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #kredit   #bank   #Kapital_bank   #pul   #hüquq   #qanun   #vəkil   #Ayazbəy_Əhmədov   #Tural_Əliyev   #məhkəmə   #femida  

Oxunub: 2555