FHN təlim kursu keçirib


18:16     16 Oktyabr 2015 fhnn.jpg

FHN Bakı Ali Neft Məktəbində təlim kursu keçirib.


Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və BANM-in birgə təşkilatçılığı ilə Ali Məktəbin tələbələri və kollektivi üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib.

APA-nın məlumatına görə, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Kənan Aşurlu iştirak ediblər.

Nəzəri və praktik olmaqla iki hissədən ibarət keçirilən tədbir BANM-nin rəhbər və işçi heyəti başda olmaqla, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 6 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının iştirakı ilə baş tutub.

Tədbirin nəzəri hissəsində BANM rektoru Elmar Qasımov bildirib ki, təlim kursları tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılanmasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək: “Artıq ikinci ildir ki, Bakı Regional Mərkəzi tələbələrə təlim keçir. Hesab edirəm ki, təhlükəli hadisələr zamanı necə davranılmasında, hansı tədbirlərin görülməsinin öyrənilməsində və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağın əhəmiyyəti böyükdür”.

Sonra tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məlumat verilib.

Tədbirin praktik hissəsi zamanı FHN-nin qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-nin müəllim və tələbələrinin iştirakı ilə, FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.

Yuxarı mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları baş tutub.

Açar sözlər:

Oxunub: 1066