Səfər Əbiyevin müavininin məhkəməsi - ŞAHİDLƏR DANIŞDI


18:28     16 Oktyabr 2015 4cb141bee67c5.jpg



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ağamirzə Məmmədov və Kənan Rəsulov iştirak edib.

Şahid Kənan Rəsulov Mehman Səlimovu tanımadığını bildirib. Şahidin sözlərinə görə, o, plastik boruların alqı-satqısı ilə məşğul olan şirkətdə baş mühasib işləyib. K.Rəsulov istintaqa verdiyi ifadəsini təsdiq edib.

Digər şahid Ağamirzə Məmmədov da Mehman Səlimovu tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını bildirib.


Məhkəmədə adı istintaqda çəkilən və məhkəməyə gəlməyən digər şahidlərin prosesə məcburi gətirilməsi barədə qərar qəbul edilib. Onların dindirilməsi labüd hesab olunub və bildirilib ki, növbəti prosesə gəlməsələr, barələrində cinayət işi açılacaq.

Məhkəmə prosesi oktyabrın 23-ü təxirə salınıb.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb.

Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib.

Açar sözlər:

Oxunub: 1105