Lukaşenko, Putin və Sarkisyanın gizli qalmış Qarabağ söhbəti: “Serj, 5 rayonu qaytar!”

Lukaşenko, Putin və Sarkisyanın gizli qalmış Qarabağ söhbəti: “Serj, 5 rayonu qaytar!”


19:33     14 Dekabr 2018 2018/12/rus14-1544796374_1544801350.jpg

Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin İrəvandakı sammitlərindən birində Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdiklərini bildirib.


Azvision.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko Minskdə rusiyalı jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya və Belarusun birlikdə iştirakı ilə bağlı səslənən təklifləri müsbət dəyərləndirib.

Lukaşenkonun sözlərinə görə, o, Ermənistan və Azərbaycan prezidentlərini kompromisə gedərək bu problemi birlikdə həll etməyə çağırıb.

“Belə olduqda biz Putinlə birləşdirici mövqe tutduq və müəyyən zəmanətlərin təmini üçün zəruri olarsa, öz hərbi kontingentlərimizi regiona yeritməyə razılaşdıq. Və sonra mən açıq şəkildə dedim ki, 7 rayon işğal edilib. Serj, 5 rayonu qaytar. Onları qaytarmamaq üçün heç bir səbəbin yoxdur, axı? Həmin rayonlar onsuz da boş qalıb. Serj isə dedi ki, “əgər mən rayonları qaytarsam, Azərbaycan yolları kəsəcək və Qarabağı "işğal" edəcək”. Və biz Putinlə dəqiq söz verdik ki, belə olarsa, biz öz qoşunlarımızı yeridəcəyik və buna imkan verməyəcəyik. Serj isə dedi ki: “yox, biz belə bir addım atmayacağıq, bunu istəmirik”.

Lukaşenko Sarkisyanın bu mövqeyindən olduqca təəccüblənib: “Niyə istəmirlər? 5 rayon boşdur axı? Bu, nizamlanma istiqamətində ilk addım ola bilərdi. Və onda Azərbaycan da KTMT və Avrasiya İqtisadi İttifaqına qoşula bilərdi. Bu, Azərbaycanın həmin təşkilatlara daxil ola bilməsinin şərtləri idi. Niyə imtina etdiniz? Yaxşı, Belarusla bağlı tərəddüdünüzü başa düşdük, axı Rusiya da zəmanət verirdi ki, Azərbaycana məxsus olduğunu etiraf etdiyiniz həmin rayonların azad edilməsi halında orada heç vaxt müharibə olmayacaq. Amma bu, Qarabağa şamil edilmirdi” – Lukaşenko vurğulayıb.

Belarus prezidenti ilk dəfə olaraq, baş tutmamış bir layihə - Ermənistanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşulma imkanları barədə də danışıb. Bildirib ki, Ermənistandan yan keçən bu layihəyə İrəvanın da qoşulmasını təklif edib və bununla bağlı Azərbaycan prezidenti ilə söhbət edib. Çünki Lukaşenkonun fikrincə, bu, hər iki tərəfin xeyrinə olardı. Amma Serj Sarkisyan bu təklifdən də imtina edib.

Açar sözlər:

Oxunub: 390


Oxşar xəbərlər