Qadın ölümdən son anda döndü - “Azəriqaz” və FHN bir-birini günahlandırır


13:23     15 Dekabr 2018 2018/12/qaz_1544865721.jpg


Mingəçevir şəhəri Mülsüm Maqomayev prospekti 93, mənzil 23 ünvanında yaşayan vətəndaş Qarayeva Təranənin yaxınları Femida.az-a şikayət xarakterli müraciət edib. 53 yaşlı qadının bacısı qızı Vəfa Fərəcova bildirib ki, xalası xəstədir, şəkərdən əziyyət çəkir, fiziki durumu yaxşı deyil. Dekabrın 7-də evə girdikdən bir müddət sonra huşunu itirib. Evə dəm qazı dolubmuş. Fərəcova hadisəni belə şərh edir:

“Xoşbəxtlikdən, təsadüfən həmin vaxt dayım ora gedib. Xalamın həyatını xilas edib. Daha sonra Mingəçevir Qaz İstismar İdarəsinə gələrək məsələni danışıb. Hadisə yerinə baxış keçirən zaman müəyyən olub ki, aşağı mərtəbədə yaşayan qonşu evə kustar üsulla qaz sobası qoyub və borunu çölə çıxarıb. Boru qoruyucu deyil, bunu balkonun altındakı qara hiss ləkəsindən də görmək mümkündür. Qonşunun qaz xəttindən dəm qazı evə dolur. Hazırda 1 həftədir ki, vəziyyət dəyişməz qalır. Qış vaxtı olmasına baxmayaraq, pəncərələri açıq saxlayırıq ki, evə qaz dolmasın.

Qonşu mənzilin sahibi də çox tərbiyəsiz qadındır, bir söz deyən kimi çıxır söyüş söyür, “əcəb edirəm” deyir, təhqir edir. Vətəndaş kirayəçidir, ev sahibi yan mənzildə yaşayır”.

V.Fərəcova bildirib ki, “Azəriqaz”ın çilingərləri bu günədək 4 dəfə gəlib baxıb gediblər:

“Nəhayət bu gün Qaz İdarəsindən bir işçi gəlib, evdə yaşayan xanım yenə ona nalayiq ifadələr işlədib, evə buraxmayıb. İşçi də qaz xəttini çöldən kəsib, plomb qoyub, gedib. İndi gözləyirik ki, problem birdəfəlik nə vaxt həll olunacaq.

Məsələ ilə bağlı Qaz İdarəsi, FHN və polisə müraciət etmişik. Amma heç biri baxmır. FHN-dən bildirirlər ki, məsuliyyət Qaz İdarəsinin üzərindədir. İdarənin işçiləri isə gəlib baxıb gedir. Heç bir hərəkət yoxdur. Polis gəldi, bizə ərizə yazdırdı getdi. Hələ ki bir nəticə yoxdur. Onlar gözləyir ki, ölüm hadisəsi olsun, sonra hərəkətə keçsinlər?! Hamı bir birinin üstünə atır. Axırda bədbəxt hadisə olanda nə olacaq? 3 qurumun heç biri baxmır. Qaynar xətlər boş yerə işləyir. Son 1 həftədə 4 dəfə zəng etmişəm, amma məsələ həll olunmur”.

“Azəriqaz” İB-in Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbəlayev məsələnin onların səlahiyyətində olmadığını, FHN-in həll etməli olduğunu bildirib:



“Nazirlər Kabinetinin qərarı ilə müvafiq hallara “Azəriqaz” baxmır. FHN-in səlahiyyətindədir. 2016-cı ilin mayından artıq bu mənzillərə texniki baxış keçirilməsi, kustar üsulla istifadə olunan sobaların yığışdırılması bizim yox, FHN-in nəzarətinə verilib. Bizim mənzillərdə baxış keçirməyə ixtiyarımız yoxdur”.

FHN-dən münasibət öyrənmək üçün qurumun Aran Regional Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən bildirdilər ki, hadisədən xəbərdardırlar, lakin məsələyə Mingəçevir Qaz İstismar İdarəsi baxmalıdır:

“Problem ondadır ki, qonşu qaz xəttini vətəndaşın balkonunun altından çəkib. Biz o halda işə qarışırıq ki, qaz xətti qanunsuz formada, dəmir yox, rezin boru ilə çəkilmiş olsun. Bu xəttləri Qaz İstismar İdarəsinin mütəxəssisləri çəkir. Vaxtilə yanlış çəkilibsə, düzəlişi də özləri aparmalıdır. Yaxud əgər, dəm qazı bacadan daxil olursa, biz bu halda Mənzil Kommunal İstismar İdarəsinə məlumat veririk. Onlar müvafiq təmizlik işləri aparır. Yəni bizim səlahiyyətimizdə olan məsələ olarsa, dərhal reaksiya veririk, amma bizim səlahiyyətmizdə deyilsə, sadəcə digər quruma məlumat veririk ki, problemi aradan qaldırsınlar”.



Femida.az məsələni diqqətdə saxlayacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Azəriqaz   #qaz   #qadın   #ölüm   #FHN   #Mingəçevir   #femida  

Oxunub: 1279